ABŞ nüvə sazişindən imtina edir: Nələr yaşanacaq?

ABŞ nüvə sazişindən imtina edir: Nələr yaşanacaq?
Kateqoriya məlum deyil
T

ABŞ Energetika naziri Kris Rayt İranla yeni nüvə sazişinin ümumiyyətlə imzalanmaya biləcəyini bildirib.

O, razılaşma əvəzinə Tehranın nüvə silahı əldə etmək imkanlarının hərbi yolla sıradan çıxarılmasının mümkünlüyünə işarə edib.

ABŞ-nin İranla yeni nüvə sazişi imzalamaqdan imtina etməsi hansı nəticələrə səbəb ola bilər? Vaşinqtonun İranın nüvə proqramını hərbi yolla sıradan çıxarmaq ehtimalı nə dərəcədə realdır və bu açıqlama vəziyyəti daha da gərginləşdirəcəkmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, ABŞ Energetika nazirinin İranla yeni nüvə sazişinin ümumiyyətlə əldə olunmaya biləcəyini və belə vəziyyətdə Tehranın nüvə imkanlarının hərbi yolla sıradan çıxarılmasının mümkün olduğunu bildirməsi əslində Vaşinqton-Tehran qarşıdurmasının yeni, daha təhlükəli mərhələyə daxil olduğunu göstərir.

Onun sözlərinə görə, bu açıqlama xüsusilə ona görə əhəmiyyətlidir ki, ABŞ və İran arasında iyun ayında əldə edilmiş müvəqqəti razılaşma sonradan pozulub və tərəflər arasında hərbi qarşıdurma yenidən intensivləşib:

“Məlumdur ki, tərəflər həmin razılaşmadan sonra İranın nüvə proqramının məhdudlaşdırılması və sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan yekun sazişə getməli idilər, lakin proses faktiki olaraq nəticəsiz qaldı. Yeni nüvə sazişinin baş tutmamasının ilk və ən mühüm nəticəsi diplomatik kanalın zəifləməsi olacaq. 2015-ci il nüvə sazişinin ABŞ tərəfindən 2018-ci ildə tərk edilməsindən sonra yaranmış etimadsızlıq onsuz da Tehran-Vaşinqton münasibətlərinin əsas probleminə çevrilmişdi. İndi isə yeni razılaşmanın da uğursuzluğu İran daxilində “ABŞ ilə razılaşmaların uzunömürlü olmadığı” fikrini gücləndirir. Bu isə gələcək danışıqlarda İranın güzəştə getmək istəyini təbii olaraq azaldır. İkinci nəticə hərbi qarşıdurmanın uzanmasıdır. ABŞ artıq İranın nüvə infrastrukturuna ciddi zərbələr endirib və Vaşinqton artıq danışıqlar yolu ilə məhdudlaşdırmadandırsa mövcud imkanların fiziki şəkildə zəiflədilməsinə üstünlük verir. Lakin burada vacib bir məsələ var, o da ondan ibarətdir ki, hərbi əməliyyatlarla nüvə proqramını tamamilə aradan qaldırmaq arasında mühüm fərq var. Belə ki, nüvə obyektlərinin məhv edilməsi İranın texniki biliklərini, mütəxəssislərini və nüvə proqramını yenidən qurmaq imkanını avtomatik olaraq yox etmir. Bu səbəbdən hərbi zərbə nüvə problemini tamamilə həll edə bilməz. Bu ancaq onu müəyyən müddətə gecikdirə bilər”.

R.Bayramov qeyd edib ki, ABŞ daha əvvəl danışıqlar uğursuz olacağı təqdirdə uzunmüddətli hərbi kampaniyaya hazırlaşdığını bəyan edib:

“Hazırkı vəziyyətdə isə qarşılıqlı zərbələr davam edir və İran ABŞ-nin yeni hücumlarına daha sərt cavab verəcəyini bildirir. Belə olan halda ən ciddi risk eskalasiyanın böyüməsidir. Görürük ki, İranın cavabı yalnız ABŞ qüvvələrinə qarşı deyil, Körfəz ölkələrindəki ABŞ bazalarına, enerji infrastrukturuna və gəmiçiliyə də zərbələr endirilir. Buna görə Vaşinqtonun hərbi yola tam üstünlük verməsi həm ABŞ, həm də region üçün yüksək riskli strategiyadır. Odur ki, indi bu şəkildə mövqeni diplomatiyanı ABŞ üçün daha əlverişli şərtlərlə yenidən başlatmaq məqsədilə təzyiq olaraq da qiymətləndirə bilərik. Başqa sözlə Kris Raytın açıqlaması vəziyyəti, şübhəsiz, daha da gərginləşdirir. Lakin bunu hələlik ABŞ-nin hərbi əməliyyata qərar verməsi kimi qiymətləndirmək düzgün olmaz. Bu daha çox, Vaşinqtonun Tehran qarşısında iki seçim yaratmaq cəhdidir. Yəni ABŞ deyir ki, ya mənim tələb etdiyim nüvə məhdudiyyətlərini qəbul et və ya daha ağır iqtisadi və hərbi təzyiqlə üzləşəcəksən. Bu strategiya İranı güzəştə məcbur edəcəkmi? Düşünmürəm”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR