Paşinyan Moskvaya gedir: Ermənistan-Rusiya münasibətlərində dönüş olacaq?

Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Moskvaya səfəri baş tuta bilər.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, səfərin dəqiq tarixinin hələ müəyyənləşmədiyini qeyd edib.
Bəs Paşinyanın Moskvaya səfəri Ermənistan-Rusiya münasibətlərində hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Yusif Bağırzadənin sözlərinə əsasən, ən mühüm məqam Paşinyanın Moskva ilə münasibətlərə dair son açıqlamalarının kifayət qədər sərt olmasıdır.
O, Ermənistan hökumətinin 2026-2031-ci illər proqramında Rusiya artıq əvvəlki kimi “strateji tərəfdaş” kimi təqdim olunmadığını bildirib:

“Paşinyan bunu Rusiyanın və KTMT-nin Ermənistanın təhlükəsizlik gözləntilərini doğrultmaması ilə izah edib. Eyni zamanda İrəvan KTMT-də fəaliyyətini bərpa etmək niyyətində olmadığını açıqlayıb. Bununla yanaşı, münasibətlərin tamamilə qopması Ermənistan üçün də ciddi iqtisadi və siyasi risklər yarada bilər. Rusiya Ermənistanın mühüm ticarət tərəfdaşlarından biridir və iki ölkə enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya və digər sahələrdə sıx əlaqələrə malikdir. Paşinyan özü də 2026-cı ilin iyulunda Ermənistanın Rusiya ilə münasibətləri inkişaf etdirməkdə və Avrasiya İqtisadi İttifaqında iştirakını davam etdirməkdə maraqlı olduğunu bildirib. Ermənistan hökuməti ilə Moskva arasında enerji və xüsusilə yeni nüvə enerji imkanları üzrə əməkdaşlıq da gündəmdə qalır. Lakin digər tərəfdən Ermənistanın Avropa istiqamətində də konkret addımlar atır ki, bu da Moskva ilə münasibətlərin gələcəyini müəyyənləşdirəcək əsas amillərdən biridir. İrəvan Aİ-yə üzvlüyü özünün konkret prioriteti elan edib və son nəticədə referendum keçirməyi planlaşdırdığını açıqlayıb. Bu, Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir imkanları baxımından ciddi geosiyasi dəyişiklik deməkdir”.
Ekspert Paşinyanın Moskva səfərində əsas məqsədin münasibətləri əvvəlki vəziyyətə qaytarmaqdan ibarət olmadığını vurğulayıb:
“Paşinyanın məqsədi sadəcə iki istiqamət arasında balans yaratmaq və bununla vaxt qazanmaqdır. İrəvan Qərblə inteqrasiyanı davam etdirməklə yanaşı, Rusiya ilə iqtisadi əlaqələrin kəskin şəkildə pisləşməsinin qarşısını almağa çalışır. Çünki Paşinyan hələ ki, Rusiyadan asılılığı tamamailə aradan qaldırmaq üçün alternativləri formalaşdıra bilməyib.
Moskva üçün isə əsas məsələ Ermənistanın Qərb təhlükəsizlik və siyasi strukturuna tam inteqrasiyasının qarşısını almaq və ən azı iqtisadi-strateji əlaqələri qorumaqdan ibarətdir və gözlənilən görüşdə də tərəfdlərin məhz bu istiqamətdə addımlar atacağı ehtiaml olunandır. Ümumiyyətlə isə düşünmürəm ki, Paşinyanın Moskva səfəri Ermənistan-Rusiya münasibətlərində dərhal hansısa strateji dönüş yaratsın. Buna baxmayaraq görüş tərəflər arasında gərginliyin idarə olunması, iqtisadi əməkdaşlığın qorunması və qarşılıqlı qırmızı xətlərin müəyyənləşdirilməsi baxımından vacib ola bilər”.
Bəsti Rəfizadə






