"Məşhur üçlük" bir araya gəlir - Müharibə bitəcəkmi?

"Məşhur üçlük" bir araya gəlir - Müharibə bitəcəkmi?
Kateqoriya məlum deyil
T

Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təmaslar yenidən intensivləşib.

ABŞ-nin Moskva və Kiyevlə apardığı danışıqlar fonunda tərəflər arasında mümkün üçtərəfli görüşlə bağlı gözləntilər artır. Xüsusilə Vaşinqtonun münaqişənin həlli ilə bağlı təşəbbüsləri müharibənin sona çatdırılması üçün yeni imkanların yaranıb-yaranmayacağı sualını gündəmə gətirir.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların yaxın zamanda keçiriləcəyini açıqlayıb. Moskva və Kiyevlə aparılan son təmaslarda müəyyən irəliləyişin əldə edildiyi bildirilir.

Bununla yanaşı, müharibənin taleyinə təsir edən əsas məsələlər – tərəflərin mövqeləri, Avropanın prosesə yanaşması və ABŞ-nin vasitəçilik təşəbbüsləri hələ də açıq olaraq qalır.

Bəs planlaşdırılan üçtərəfli görüş müharibənin dayandırılması istiqamətində yeni mərhələnin başlanğıcı ola bilərmi? ABŞ, Rusiya və Ukrayna arasında mümkün danışıqlardan hansı nəticələr gözlənilir və prosesin real sülh razılaşması ilə nəticələnməsi nə dərəcədə mümkündür?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, ABŞ nümayəndələrinin Rusiya və Ukrayna ilə apardığı təmaslar müsbət hal olsa da, Vaşinqtonun təkbaşına müharibəni bitirə biləcəyinə inanmaq çətindir:

“Bu səfərlər və təmaslar öz-özlüyündə yaxşıdır. Amma mən ABŞ-nin təkbaşına müharibəni bitirə biləcəyinə inanmıram. Çünki burada Avropanın da mövqeyi nəzərə alınmalıdır. Vaşinqton danışıqlar üçün zəmin yaratdıqca və müharibənin sona çatması ehtimalını artırdıqca, Avropa Ukraynanı silahlandırmağa və müharibəni davam etdirməyə sövq edə bilər. ABŞ müharibəni bitirmək istəyir. Bunun bir neçə səbəbi var. Birincisi, ABŞ Rusiya ilə münasibətlərin daha da kəskinləşməsini istəmir. İkincisi, Vaşinqton müharibədən sonra Ukraynaya investisiya qoymaq, ölkənin yenidən qurulması və bərpası prosesində iştirak etmək niyyətindədir. Üçüncüsü isə ABŞ bu müharibədən sonra diqqətini Yaxın Şərqə yönəltmək istəyir. Bəs Avropa niyə müharibənin davam etməsində maraqlı ola bilər? Çünki Avropa hazırda Rusiyadan əvvəlki kimi ucuz enerji ala bilmir. Eyni zamanda, Avropa düşünür ki, müharibə başa çatarsa, Rusiya indiki hərbi gücü ilə gələcəkdə başqa bir Avropa ölkəsinə qarşı təhdid yarada bilər”.

K.Novruzovun fikrincə, Avropada belə bir yanaşma da var ki, müharibənin başa çatması Rusiyada daxili siyasi proseslərə təsir göstərə bilər:

“Vladimir Putinin hakimiyyətinin taleyinin müəyyən mənada müharibənin nəticələrindən asılı vəziyyətə düşdüyü düşünülür. Bu baxımdan, Avropa müharibə bitdikdən sonra Rusiyanın yenidən hərbi qarşıdurmaya getməsi ehtimalından narahatdır. Son zamanlar Vaşinqtonla Avropa paytaxtları arasında yaranan gərginlik də müəyyən mənada Rusiya-Ukrayna müharibəsi ilə bağlı fərqli mövqelərdən qaynaqlanır. Kuşner və Uitkoffun səfərləri, eləcə də tərəflər arasında müzakirələrin aparılması, əlbəttə, müsbət haldır. Amma burada bir məqama diqqət yetirmək lazımdır: Ukraynanın və ya Rusiyanın taleyi ABŞ-ın əsas maraq dairəsi deyil.

Vaşinqtonu ilk növbədə öz siyasi prioritetləri maraqlandırır. Hətta bu prioritetlər Ukraynanın müəyyən mənada qurban verilməsini tələb etsə, Vaşinqton belə bir addıma gedə bilər. Amma dediyim kimi, burada Avropanın mövqeyi də nəzərə alınmalıdır. Avropa Ukraynanın qurban verilməsini istəmir”.

Siyasi şərhçi müharibənin yaxın zamanda başa çatacağını düşünmür:

“Müharibənin tezliklə sona çatmasından yalnız o halda danışmaq olar ki, ilk növbədə ABŞ və Avropa öz aralarında razılığa gəlsinlər. İkincisi isə Türkiyə yenidən vasitəçi kimi prosesə daxil olsun. Çünki Türkiyə təkcə Rusiya ilə Ukrayna arasında deyil, həm də Avropa ilə ABŞ arasında bir keçid və vasitəçi rolunu oynaya bilər. Yəni Türkiyə yalnız Moskva və Kiyev arasında deyil, eyni zamanda Avropa və ABŞ-ın maraqlarının yaxınlaşdırılmasında da mühüm rol oynaya bilər”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR