Türkiyə Ordusu İrəvanda? - AÇIQLAMA

Ermənistandakı Rusiyanın 102-ci hərbi bazasının gələcəyi ətrafında müzakirələr yenidən gündəmə gəlib.
Müxalif “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan Rusiya hərbi bazasının ölkədən çıxarılacağı təqdirdə onun yerində Türkiyə hərbi bazasının yerləşdirilə biləcəyini iddia edib.
Bəs Rusiya hərbi bazasının Ermənistandan çıxarılması və onun yerində Türkiyə hərbi bazasının yerləşdirilməsi real ssenari ola bilərmi?
Bu barədə Sfera.az-a danışan siyasətçi Cavanşir Abbaslı bildirib ki, erməni müxalifəti uzun müddət Paşinyanı müxtəlif məsələlər üzərindən ittiham etsə də, bu taktikanın gözlənilən nəticəni vermədiyini görüb:

“Ermənistanda müxalifət Paşinyanı İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Azərbaycan və Ermənistanla bağlı atdığı addımlara görə ciddi şəkildə ittiham edirdi. Düşünürdülər ki, bununla üstünlük əldə edə bilərlər. Amma zaman keçdikcə gördülər ki, əllərində olan bu kart onların işinə yaramır. Son günlər baş verənlər də göstərdi ki, Paşinyanın nüfuzunu bu yolla aşağı salmaq və xalq arasında reytinqini azaltmaq mümkün deyil. Koçaryanın həbsi, Sərkisyanla bağlı cinayət işinin başlanılması onu göstərdi ki, Paşinyan rəqiblərini ard-arda sıradan çıxarır. Ona görə də indi başqa bir kartdan istifadə etməyə başlayıblar. İddia edirlər ki, guya Gümrüdəki 102-ci Rusiya hərbi bazası Ermənistandan çıxarıldıqdan sonra onun yerini Türkiyə hərbi bazası əvəz edə bilər”.
C.Abbaslı hesab edir ki, bu iddiaların səsləndirilməsi Türkiyə-Ermənistan münasibətlərindəki mümkün dəyişikliklərlə də bağlıdır:
“Bu da təsadüfi deyil. Çünki son illərdə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının an məsələsi olduğu barədə səslənən iddiaların sayı artır. Azərbaycanla Ermənistan arasında münasibətlər də sürətlə normallaşmağa doğru gedir. Doğrudur, hələ ortada sülh sazişi yoxdur, amma ticarət əlaqələrində mühüm addımlar atılır. Azərbaycandan Ermənistana məhsullar göndərilir, Ermənistandan da Azərbaycana məhsulların göndərilməsinə başlanılıb. Bu, proseslərin sülhə doğru sürətlə irəlilədiyini göstərir”.
Siyasətçinin sözlərinə görə, hazırkı mərhələdə Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması real görünmür. Bazanın qalma müddətinin 2044-cü ilə qədər uzadıldığı barədə razılaşma mövcuddur:
“Birinci, mənim düşüncəm budur ki, 102-ci hərbi baza Ermənistandan çıxarılmayacaq. Hazırda Ermənistan bu prosesə hazır deyil. Digər tərəfdən, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması üçün hələ uzun müddət var. Bildiyiniz kimi, Gümrüdəki hərbi bazanın 2044-cü ilə qədər Ermənistanda qalması ilə bağlı razılaşma mövcuddur. Ona görə də Rusiya tərəfi öz hərbi qüvvələrini oradan çıxarmadığı halda Ermənistanın həmin bazanı güc tətbiq etməklə çıxarması mümkün deyil. Üzdə səslənən bəyanatların reallaşacağı isə, açığı, real görünmür. Bütün bunların fonunda Türkiyə məsələsi də ortaya atılıb. Bununla erməni cəmiyyətində müəyyən narahatlıq yaratmaq istəyirlər ki, “ruslar çıxır, türklər gəlir”. Mənim düşüncəmə görə isə belə bir prosesin baş verməsi indiki mərhələdə mümkün görünmür”.
Cavanşir Abbaslı Türkiyənin bölgədə nüfuzunun artdığını, lakin bunun Gümrüdə Türkiyə hərbi bazasının yerləşdirilməsi ilə nəticələnəcəyini düşünmədiyini bildirib:
“Doğrudur, Türkiyənin bölgədə nüfuzu getdikcə artır. Yaxın Şərqdə baş verən proseslərdə aparıcı rol oynayan ölkələrdən biri məhz Türkiyədir. Dünyanın müxtəlif bölgələrində gedən proseslərdə də Türkiyənin adı ön plana çıxır. Bütün bunlardan çıxış edərək Türkiyə kartını ortaya atırlar və guya türklərin rusları əvəzləyəcəyini iddia edirlər. Amma düşünürəm ki, Türkiyənin hərbi bazasının Gümrüdə yerləşdirilməsinə ilk qarşı çıxacaq şəxslərdən biri məhz Paşinyan olacaq. Bu, həm də onun öz hakimiyyətinin taleyi ilə bağlıdır. Paşinyan çox yaxşı bilir ki, belə bir addım, yəni deputatın dediklərinin reallaşması onun hakimiyyətinin sonunu gətirə bilər. Neçə illərdir dövlətlərarası yaxınlaşma müşahidə olunsa da, türklərlə ermənilər arasında tarixi düşmənçilik o qədər dərin köklərə malikdir ki, bunu aradan qaldırmaq üçün uzun zaman lazım olacaq. İndiki vəziyyətdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin müəyyən istiqamətlərdə yaxşılaşması mümkündür. Lakin Türkiyə hərbi bazasının Gümrüdə yerləşdirilməsi tamam başqa məsələdir və hazırkı reallıqlar fonunda belə bir ssenarinin reallaşması inandırıcı görünmür”.
Firuzə Əliyeva






