ABŞ İrandakı bu ərazini hədəf aldı - Əməliyyatlar genişlənəcək?

Ötən gecə İranın cənub-qərbində yerləşən Xuzistan ostanının 3 məntəqəsi ABŞ ordusunun raket zərbəsinə məruz qalıb.
Bu barədə Xuzistan ostanının valiliyi məlumat yayıb. Hava zərbəsi nəticəsində indiyədək 7 nəfərin ölüb, 8 nəfərin isə yaralanıb.
Xuzistan İranın ən zəif, amma ən önəmli regionlarından biridir. Burada əhalinin cəmi 30 faizə yaxınını farslar təşkil edir, qalanı ərəblər və lurlardır. Eləcə də burada İranın böyük neft və qaz yataqları yerləşir.
Bu ostanlığın hədəfə alınması təsadüfidirmi? Bu ostanlıqda əməliyyatlar genişləndirilə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımovun sözlərinə görə, bu ərazinin hədəf seçilməsi birbaşa enerji resursları ilə bağlıdır:

“Amerika Birləşmiş Ştatları İrana zərbə endirərkən ərazini və orada yerləşən strateji obyektləri xüsusi nəzərə alıb seçir. Xuzistana da zərbələrin endirilməsi məhz bununla bağlıdır. Əvvəla, bu bölgə İranın ən əhəmiyyətli bölgələrindən biridir. Nəzərə alsaq ki, İranın enerji ehtiyatlarının böyük bir qismi bu ərazidə cəmləşib və bu ərazi həm də Fars körfəzi ətrafında yerləşir, o baxımdan bu bölgənin seçilməsi təsadüfi sayıla bilməz. Əlbəttə ki, bu ərazinin hədəf alınması həm də onunla bağlıdır ki, burada əhalinin etnik tərkibi fərqlidir və farslar azlıq təşkil edir. Bölgə həm də İranın narahat bölgələrindən biridir. Çünki zaman-zaman burada böyük potensiala baxmayaraq, enerji resursları, su və elektrik enerjisi ilə bağlı kəsintilər baş verir ki, bu da əhali tərəfindən ciddi narazılıqla qarşılanır”.
O.Qasımov bu addımların heç də təsadüfi olmadığını, bu bölgələrin məqsədyönlü şəkildə hədəfə gətirildiyini bildirib və eskalasiyanın bundan sonrakı gedişatının necə olacağını açıqlayıb:
“Noyabr ayına qədər hərbi əməliyyatların genişlənəcəyini düşünmürəm. Bunun üçün hansısa ciddi zəmin də yoxdur. Amerika Birləşmiş Ştatları, bir daha qeyd etdiyim kimi, onsuz da İrana qarşı sanksiyaları sərtləşdirib, iqtisadi blokadanı gücləndirib. Bu baxımdan, hərbi eskalasiyaya hələlik, xüsusilə də Amerikadakı ara seçkilərə qədər ehtiyac olacağını düşünmürəm. Sadəcə olaraq, Amerika İranın bölgədəki fəaliyyətlərini diqqətlə izləyir və özlərinin qeyd etdiyi kimi, ərazilərə dron sistemləri, hava hücumundan müdafiə sistemləri və digər təhlükəli vasitələr gətirildiyi halda, həmin ərazilər hədəfə çevrilir ki, İranın Körfəzə nəzarət imkanları azalsın. Səbəbin bununla bağlı olduğunu düşünürəm”.
Bəsti Rəfizadə
Sfera.az






