Prezident FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.
Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər.
Əvvəlcə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri FIFA prezidenti Canni İnfantino və digər qonaqlar ilə görüşdülər.
Canni İnfantino dövlətimizin başçısına xatirə hədiyyələri təqdim etdi.
Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Sonra FIFA U-15 dünya çempionatına və festivalına həsr edilən videoçarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının açılış mərasiminə qatılan qonaqları salamladı və Azərbaycanın 189 ölkənin milli komandasını bir araya gətirən bu böyük turnirə ev sahibliyi etdiyini bildirdi. Azərbaycanın bu turnirin təşkilində FIFA ilə tərəfdaşlıq etdiyini vurğulayan Samir Şərifov ölkəmizə etimad göstərdiyi üçün ali futbol qurumuna təşəkkürünü bildirdi. O, tarixdə ilk dəfə təşkil olunan 15 yaşadək oğlanlar arasında futbol üzrə dünya çempionatının ən qısa müddətdə və yüksək standartlar əsasında keçirilməsini təmin etdiyinə, bu konsepsiyanın reallığa çevrilməsi üçün göstərdiyi liderliyə və qətiyyətli dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.
FIFA prezidenti Canni İnfantino çıxışında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatının və festivalının dünyanı birləşdirdiyini vurğuladı, Bakıda üç mindən çox futbolçunun və rəsmi nümayəndənin turnirdə iştirak etdiyini diqqətə çatdırdı. O, turnirdə iştirak edən 189 komanda ilə yanaşı, könüllülərin və işçilərin yarışın işinə töhfə verəcəklərini dedi. Futbolçulara səslənən FIFA prezidenti onları turnirdən zövq almağa, ədalətli mübarizə aparmağa, rəqiblərinə hörmət göstərməyə və oyun qaydalarına əməl etməyə çağırdı. Canni İnfantino növbəti yeddi gün ərzində dünyanı bir araya gətirdiklərinə görə Prezident İlham Əliyevə və təşkilat komitəsinə təşəkkürünü bildirdi, Azərbaycanla bir yerdə möhtəşəm tarix yazacaqlarını qeyd etdi.
Sonra FIFA U-15 dünya çempionatı və festivalı açıq elan edildi.
Daha sonra müxtəlif ölkələri təmsil edən komandaların üzvlərinin təəssüratlarının da yer aldığı videoçarx nümayiş olundu.
Tədbir bədii proqramla davam etdirildi.


















