Tramp: "İran nüvə silahına sahib olmayacaq"

ABŞ Prezidenti Donald Tramp İrana iqtisadi təzyiqin işə yaradığını bildirib və deyib ki, İran nüvə silahına sahib olmayacaq.
Sfera.az xəbər verir ki, Tramp Fox News-ə verdiyi müsahibədə ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə ilə bağlı qiymətləndirmələrini bölüşüb. İranın ABŞ və İsrailin hücumlarına Körfəz bölgəsindəki ölkələrə zərbələr endirməklə cavab verməsinə “özü də daxil olmaqla hər kəsin təəccübləndiyini” deyən Tramp, “İran nüvə silahına sahib olmayacaq” ifadəsini bir daha təkrarlayıb. Tramp iddia edib ki, Tehranın Körfəz bölgəsindəki ölkələrə hücumları İranın nüvə silahına sahib olsaydı, ondan da istifadə edəcəyinə işarə edir.
Onun sözlərinə görə, belə bir vəziyyət Yaxın Şərqin və İsrailin məhv edilməsinə, daha sonra isə Avropa və ABŞ-ın hədəfə çevrilməsinə gətirib çıxara bilərdi: “Mən ABŞ Prezidenti olmasaydım, İsrail mövcud olmazdı. Yəqin ki, Yaxın Şərq də mövcud olmazdı”. ABŞ-ın dəniz blokadasının və İrana qarşı tətbiq edilən iqtisadi təzyiqlərin nəticə verdiyini bildirən Tramp, İranın “dağılmaqda olan bir ölkə olduğu” fikrini də bir daha vurğulayıb.
İradə Elsevər
Sfera.az






