İrandan Trampa sərt cavab: “Şizofren”

İran ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını “ABŞ ərazisi” kimi təqdim etməsinə sərt və istehzalı reaksiya verib.
Sfera.az xəbər verir ki, İran Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi sosial media hesabında paylaşım edərək Trampın Hörmüz boğazını “yeni ABŞ ərazisi” kimi göstərən paylaşımına istinad edən görüntüdən istifadə edib.
O, paylaşımına “şizofren” sözünün izahını da əlavə edib. İran rəsmisi bu anlayışı “düşüncə pozuntusu və reallığın təhrif olunmuş qavrayışı ilə özünü göstərən mürəkkəb psixotik pozuntu” kimi təqdim edib. Qəribabadi həmçinin xəstəliyin əsas əlamətləri sırasında hallüsinasiyalar və sayıqlamaların yer aldığını qeyd edib və bu vəziyyətdə olan şəxslərin 24 saat nəzarətdə saxlanılmalı olduğunu bildirib.
Beləliklə, İran rəsmisi Trampın Hörmüz boğazı ilə bağlı paylaşımına birbaşa şəkildə istehzalı cavab verib. Qeyd edək ki, Donald Tramp sosial media hesabında “ABŞ əraziləri” başlığı altında Puerto Riko, Quam və Amerika Samoası kimi ABŞ ərazilərinin bayraqları ilə yanaşı, Hörmüz boğazının da “yeni ABŞ ərazisi” kimi göstərildiyi görüntü paylaşıb. ABŞ Prezidenti bundan əvvəl də coğrafi adlarla bağlı mübahisəli açıqlamaları ilə gündəmə gəlib.
O, Kanada ilə ABŞ arasında yerləşən Ontario gölünü “Amerika gölü” adlandırıb. Tramp daha əvvəl isə Meksika körfəzinin adının “Amerika körfəzi” olaraq dəyişdirilməsini təklif edib.
Bəsti Rəfizadə






