Pezeşkian ABŞ ilə müharibənin bitməsindən danışdı

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibənin başa çatdırılmasının vacib olduğunu bildirib.
Sfera.az xəbər verir ki, Pezeşkian bu barədə Tehranda İslam Həkimlər Birliyinin Baş Assambleyasındakı çıxışı zamanı danışıb.
“Müharibə bir nöqtədə başa çatmalıdır. Bu gün güc və nüfuz sahibi olduğumuz, bütün dünyanın qələbəmizi qəbul etdiyi bir vaxtda müharibəni bitirməyimiz daha yaxşıdır”, - deyə İran prezidenti bildirib. Pezeşkian bunun İranın mümkün hücumlar qarşısında geri addım atacağı anlamına gəlmədiyini də qeyd edib. “Zorakılıq qarşısında heç bir şəkildə başımızı əyməyəcəyik. Son nəfəsimizə qədər qarşımızda dayanacağıq və onlara sarsıdıcı cavab verəcəyik”, – deyə o vurğulayıb.
İran prezidenti ABŞ ilə Pakistanın vasitəçiliyi ilə iyunun 17-də imzalanan, lakin tərəflər arasında fikir ayrılıqları səbəbindən həyata keçirilməyən razılaşmanın İran üçün şərəfli və dəyərli olduğunu bildirib. Onun sözlərinə görə, həmin razılaşma İranın Ali Milli Təhlükəsizlik Şurasında birlik və həmrəylik şəraitində təsdiqlənib.
“Bu razılaşmada təslimiyyət mənasına gələn bircə maddə belə tapa bilməzlər. Bütün öhdəliklər qarşı tərəfə aiddir”, – deyə Pezeşkian bildirib.
İran prezidenti həmçinin müharibə və danışıqlar proseslərinin bir-birinin alternativi olmadığını vurğulayıb. O, Həzrət Əlinin sülhlə bağlı yanaşmasına istinad edərək, əldə olunan razılaşmalara əməl edilməsinin vacibliyini qeyd edib.
Bəsti Rəfizadə






