"Tramp Marşrutu" sazişi Zəngəzur dəhlizinə necə təsir edəcək? – Ekspertdən AÇIQLAMA

"Tramp Marşrutu" sazişi Zəngəzur dəhlizinə necə təsir edəcək? – Ekspertdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

ABŞ ilə "Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq sazişinin Ermənistan Konstitusiya Məhkəməsində araşdırılmağa başlanması regionda diqqət çəkən proseslərdən biri kimi qiymətləndirilir.

Azərbaycanın təşəbbüsü ilə irəliləyən regional nəqliyyat-kommunikasiya layihələri fonunda bu addımın Bakı-İrəvan münasibətlərinə və Zəngəzur dəhlizi ilə bağlı proseslərə mümkün təsiri maraq doğurur.


Ermənistanın ABŞ ilə imzaladığı "Tramp Marşrutu" sazişi Azərbaycana və Zəngəzur dəhlizi ilə bağlı proseslərə necə təsir göstərə bilər?


Bu barədə Sfera.az-a danışan siyasətçi Cavanşir Abbaslı bildirib ki, ABŞ son dövrlər Ermənistan üzərindən Cənubi Qafqazda fəallığını artırmağa çalışır və sözügedən saziş də bu siyasətin tərkib hissəsidir.


Onun sözlərinə görə, "TRIPP" layihəsi üzrə strateji tərəfdaşlıq sazişinin Ermənistan Konstitusiya Məhkəməsində araşdırılmağa başlanması təsadüfi hadisə deyil:


"Ermənistan nə qədər kiçik dövlət kimi qəbul olunsa da, ABŞ-nin daim diqqət mərkəzində olub. Xüsusilə Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Vaşinqton hesab edir ki, Ermənistan vasitəsilə Cənubi Qafqazdakı təsir imkanlarını qoruya, hətta gücləndirə bilər. Paşinyan hakimiyyətinin Qərbyönümlü siyasəti də bunu asanlaşdırır. Bundan başqa, ABŞ-nin dünyada ikinci ən böyük səfirliyinin Ermənistanda yerləşməsi də təsadüfi deyil. Birinci İraqdadır, ikinci isə Ermənistanda".


Siyasətçi hesab edir ki, bu proses Bakı-İrəvan münasibətlərinə müəyyən təsir göstərəcək:


"Ağ Ev Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması prosesində fəal iştirak etməyə çalışır. ABŞ istəmir ki, bütün təşəbbüslər Rusiyanın nəzarətində olsun. Əgər sülh sazişi imzalanacaqsa, Vaşinqton onun Ağ Evdə imzalanmasını istəyəcək. Bu, hazırda o qədər də real görünməsə də, ABŞ prosesdə əsas oyunçulardan biri kimi qalmağa çalışır".

Cavanşir Abbaslı bildirib ki, sazişin Zəngəzur dəhlizi ilə bağlı proseslərə təsiri də diqqətlə izlənilməlidir:


"Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişməz və qətidir. Bu baxımdan Ermənistanla ABŞ arasında imzalanan sazişin münasibətlərə müəyyən təsir göstərəcəyi istisna deyil. Lakin hesab etmirəm ki, bu, Azərbaycan üçün narahatlıq yaratmalıdır. Əksinə, proses düzgün istiqamətdə inkişaf edərsə, Zəngəzur dəhlizi və digər məsələlərin həllinə müsbət təsir göstərə bilər. Unutmayaq ki, avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan arasında paraflanmış sənədin bir ili tamam olur. Bu amil də nəzərə alınmalıdır və baş verən proseslərə yalnız mənfi prizmadan baxmaq doğru olmaz".


Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR