İran ABŞ-a mesaj verdi

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinə qarşı təhdidlərin davam etdiyi təqdirdə ABŞ ilə yekun razılaşma üzrə danışıqların başlanmasının mümkün olmayacağını bəyan edib.
Sfera.az xəbər verir ki, Əraqçi bununla bağlı açıqlamasını ABŞ-da fəaliyyət göstərən X (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi hesabında paylaşıb.
Nazir bildirib ki, ABŞ və İran arasında anlaşma memorandumu imzalansa da yekun sülh sazişinin imzalanması istiqamətində hələ də bir sıra qeyri-müəyyən məqamlar qalmaqdadır. Onun sözlərinə görə, tərəflər arasında danışıqların davam etməsi üçün ilk növbədə qarşılıqlı etimadın və təhlükəsizlik mühitinin təmin olunması vacibdir.
Əraqçi paylaşımında mərhum ali dini lider Əli Xameneinin dəfn mərasiminə də toxunaraq milyonlarla iranlının onu son mənzilə yola salmaq üçün bir araya gəldiyini qeyd edib. O, bunun İran xalqının birlik və həmrəyliyinin göstəricisi olduğunu vurğulayıb.
İranlı nazir əlavə edib ki, ölkə xalqı və silahlı qüvvələri heç bir xarici təhdiddən təsirlənmir. Əraqçi anlaşma memorandumunun 13-cü maddəsinə istinad edərək bildirib ki, əgər ABŞ tərəfindən təhdid xarakterli addımlar və bəyanatlar davam edərsə yekun razılaşmanın əldə olunmasına yönəlmiş danışıqlar prosesinə start verilməyəcək.
Rəsmi Tehran bununla Vaşinqtona açıq mesaj göndərərək diplomatik prosesin davam etməsinin qarşılıqlı hörmət və təhdidlərin aradan qaldırılmasından asılı olduğunu bir daha diqqətə çatdırıb.
Mənsumə
