Zelenski həmin şərtlə atəşkəsi istisna etmir
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ərazisinin təxminən 25 faizinin itirilməsi və müharibənin mövcud cəbhə xətti boyunca dondurulmasını nəzərdə tutan sülh sazişinin imzalanması ehtimalını istisna etməyib.
Sfera.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
“Biz hazırda olduğumuz mövqelərdə qalmaqdan danışırıq. Gəlin, diplomatiya mərhələsinə keçək. ABŞ prezidentinin vasitəçiliyi ilə atəşkəsə nail olmaq əla ideyadır. Bizim evlərini itirmiş və hazırda müxtəlif ölkələrdə yaşayan 9,5 milyon insana ehtiyacımız var. Bizə onların sadəcə yaşamaq və ölkələrini qurmaq üçün Ukraynaya qayıtması lazımdır”, - Zelenski deyib.
Ukrayna ərazisinin 75 faizini özündə saxlamasını nəzərdə tutan sülh sazişini qəbul edib-etməyəcəyi ilə bağlı sualı dövlət başçısı müsbət cavablandırıb: “Bəli. Əgər elə indi hər şeyi dondurmalı olsaq, düşünürəm ki, bu, müharibəni başa çatdırmağın real yoludur”.
Bununla belə, Zelenski Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması ehtimalını qəbul etməyib.






