"Atəşkəs deyil, sülh istəyirik" - Peskov
“Rusiya Ukrayna ilə mümkün enerji atəşkəsi məsələsində mövqeyini dəyişməyib. Moskva müvəqqəti atəşkəs deyil, sülhə nail olmağa çalışır”.
Sfera.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında bildirib.
Moskvanın mümkün enerji atəşkəsi ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi barədə suala cavab verən Peskov deyib: “Heç nə dəyişməyib. Bizə atəşkəs deyil, sülh lazımdır”.
Kremlin sözçüsü Ukrayna böhranının hərtərəfli həllinin yalnız Kiyevin nümayəndələrinin iştirakı ilə mümkün olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ukrayna məsələsini Kiyevdən hər hansı bir nümayəndənin iştirakı olmadan tam həll etmək mümkün deyil.
Peskov Finlandiya Prezidenti Aleksandr Stubun Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunması, təhlükəsizlik təminatlarının verilməsi, eləcə də Ukraynanın iştirakı ilə ədalətli və davamlı sülhə nail olunması barədə açıqlamalarını da şərh edib.
O bildirib ki, Stubun sülh prosesinə nə dərəcədə konstruktiv töhfə verə biləcəyi hələ məlum deyil.
“Cənab Stubun nə dərəcədə konstruktiv töhfə verə biləcəyini görəcəyik. Əgər belə bir töhfə verə bilsə, bu, müsbət qarşılanacaq. Lakin o, yalnız Avropanın ümumi mövqeyini təkrarlayacaqsa, bunun konstruktiv töhfə olması ehtimalı azdır”, – deyə Peskov qeyd edib.
Bəsti Rəfizadə
Sfera.az






