İsrail İranda rejim dəyişiliyi edəcək? - AÇIQLAMA

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İrandakı hakim rejimi İsrailin hərbi müdaxiləsi deyil, yalnız İran xalqının özü dəyişə bilər. Onun sözlərinə görə, ölkə daxilində ciddi narazılıq mövcud olsa da, iranlıların xarici dəstək olmadan mövcud sistemi devirməsi olduqca çətindir.
Məlumata görə, Qərb kəşfiyyat dairələri də bu qiymətləndirmə ilə böyük ölçüdə razılaşır. “Reuters” agentliyinin yaydığı xəbərdə isə, ABŞ kəşfiyyat strukturlarının hesabatlarında İranda rejimin yaxın zamanda və ya asanlıqla devriləcəyi ilə bağlı ciddi inamın olmadığı qeyd olunub.
Hesabatlarda bildirilib ki, ölkə daxilində iqtisadi çətinliklər, sosial narazılıq və siyasi gərginlik mövcud olsa da, hakimiyyət strukturları hələ də təhlükəsizlik aparatına və dövlət institutlarına nəzarəti saxlayır.
ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, İran kimi böyük və mürəkkəb siyasi struktura malik ölkədə rejim dəyişikliyi qısa müddətdə baş verəcək proses kimi görünmür.
Belə olduğu halda, ABŞ hərbi strategiyasında hansı dəyişiklikləri edəcək ki, İranı tez bir zamanda məğlub etsin? Həmçinin, İranda rejim dəyişikliyi İsrailin birbaşa dəstəyi ilə mümkündürmü?
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, müharibənin ilk günündən Amerika və İsrail İrana hava zərbələri endirməklə və Xameneini öldürməklə rejimin təslim olacağını və dəyişəcəyini düşünürdülər, lakin bu baş tutmadı:

"Digər tərəfdən, yanvar ayında İranda etirazlar keçirilirdi və belə bir gözlənti var idi ki, həm etirazçılar, həm də İran xalqı kənardan dəstək gözləyir. Hətta Tramp da bildirmişdi ki, dəstək yoldadır. Belə bir ümid var idi ki, xalq bu prosesə qoşulacaq və rejimi devirəcək. Amma görünən odur ki, bu taktika faktiki olaraq baş tutmadı. Bunun bir neçə əsas səbəbi var. Birincisi, İran rejiminin daxildə, xüsusən də dini müstəvidə hələ də dayaqları mövcuddur, ikincisi, Xameneinin öldürülməsi planı ilkin mərhələdə əks-effekt verdi. Eyni zamanda, İran "total müharibə" taktikasına əl atdı. Bütün resurslarını işə salaraq region ölkələrini hədəfə aldı ki, bu da xaosun bütün regiona yayılması strategiyası idi. Bu məsələ Amerika və İsrailin ilkin planının boşa çıxdığını göstərir. Lakin bu o demək deyil ki, digər variantlar yoxdur. Amerikanın bu ssenari alınmadıqda tətbiq edəcəyi başqa planlarının da öncədən hazırlandığını istisna etmirəm”.
Ekspert İranda rejimin dəyişməsi üçün ABŞ-nin sadəcə bir yolu olduğunu bildirib:
“Belə bir vəziyyətdə İranda mövcud hakimiyyəti dəyişməyin və ya rejimi təslim etməyin yeganə yolu kimi quru əməliyyatları göstərilir. Çünki hava zərbələri nə qədər güclü olsa da, yaxın perspektivdə rejimin təslim olma ehtimalı zəif görünür. Amerika başda olmaqla kənar ölkələrin birbaşa qurudan müdaxiləsi faktiki olaraq sıfıra bərabərdir, çünki Amerika birbaşa müdaxilədən çəkinir, region ölkələri isə bu prosesə qoşulmaq istəmir. Daxildə silahlı üsyanın hazırlanması və həyata keçirilməsi gözlənilirdi. Bu məqsədlə silahlı kürdlərdən və bəluclardan istifadə olunacağı, hətta İraqda mövqelənmiş İran kürdlərinin müdaxiləyə hazırlaşdığı barədə məlumatlar var idi. Lakin sonradan bu məsələ arxa plana keçdi. Görünür, Amerikanın fərqli planı var, çünki daxili silahlı üsyan xalq hərəkatından daha çox etnik münaqişəyə çevrilə bilər. Bu isə İranda vətəndaş müharibəsinə və Suriya ssenarisinin təkrarlanmasına səbəb olar ki, belə bir vəziyyətdə hadisələri nəzarətdə saxlamaq çətinləşər. Ona görə də bu ssenari tam ləğv edilməsə də, hələlik təxirə salınıb. Düşünürəm ki, Amerikanın hazırkı planı fərqlidir. Havadan zərbələr endirməklə yanaşı, İranın neft ixracı yollarını bağlamaq. Bura ilk növbədə Hörmüz boğazının tamamilə Amerikanın nəzarətinə keçməsi və İranın oradakı təsir imkanlarının sıradan çıxarılması daxildir. Neft yollarının bağlanması hərbi müdaxilə, xüsusi təyinatlıların yeridilməsi və ya hava zərbələri ilə həyata keçirilə bilər. Neft ixracının dayanması İranın iqtisadi çöküşü deməkdir. İqtisadi çətinliklər xalqın yenidən etirazlara başlamasına və rejimin dəyişməsinə gətirib çıxara bilər”.
A.Nərimanlı digər mümkün planın İrana qarşı beynəlxalq koalisiyanın yaradılması olduğunu qeyd edib:
“Avropa və region ölkələrinin iştirakı ilə genişmiqyaslı hərbi müdaxilə rejimi təslim olmağa məcbur edə bilər, lakin bu, daha zəif ehtimaldır. Yekun olaraq, hazırda görünən odur ki, Amerika əvvəlki ssenariləri təxirə salaraq hava zərbələri ilə infrastrukturu və rejimin resurslarını sıradan çıxarmağa, paralel olaraq neft yollarını bağlayaraq İranı iqtisadi baxımdan təslim etməyə çalışır. Bu planın nə dərəcədə və hansı müddətdə reallaşacağını isə zaman göstərəcək”.
Bəsti Rəfizadə
Sfera.az
Write to Besti Refizade
