İsrail Tehranda hərbi infrastrukturu hədəf aldı

İsrail Müdafiə Ordusu İranın mərkəzi hissəsində, paytaxt Tehranda hərbi infrastruktura növbəti zərbələr endirdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, əməliyyata İsrail Hərbi Hava Qüvvələrinin 80-dən çox qırıcı təyyarəsi cəlb olunub. Qırıcılar əməliyyat zamanı təxminən 230 döyüş sursatı istifadə edərək bir neçə hərbi hədəfi vurub. Hədəflər arasında İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus “İmam Hüseyn” adına Mərkəzi Hərbi Universitetinin də olduğu bildirilib.
İsrail tərəfinin məlumatına görə, obyekt SEPAH üçün ehtiyat baza və hərbi qüvvələrin yerləşdirilməsi üçün istifadə olunurdu. Bəyanatda qeyd edilib ki, universitet ərazisində raket bölmələrinə aid bunkerlər və İsrail Dövlətinin ərazisinə raket buraxılışı üçün nəzərdə tutulmuş buraxılış infrastrukturu olan anbar mövcud idi. Bundan əlavə, ballistik raketlərin yeraltı saxlanma və istehsal obyektinin də vurulduğu bildirilib.
İsrail ordusunun məlumatına görə, həmin ərazidə İran silahlı qüvvələrinin yüzlərlə hərbi qulluqçusu yerləşirdi və burada bunkerlər, eləcə də komanda mərkəzləri fəaliyyət göstərirdi. Qeyd olunub ki, İsrail qüvvələri ölkə ərazisinin atəşə tutulmasını azaltmaq məqsədilə İranın qərb və mərkəzi hissələrində yerləşən raket buraxılış mövqelərinə də zərbələr endirib.
Fidan Hacızadə
Sfera.az
