İran ətrafındakı gərginlik Rusiya-Ukrayna müharibəsini arxa plana atıb? - ŞƏRH

Yaxın Şərqdə İran ətrafında artan gərginlik və mümkün hərbi eskalasiya beynəlxalq gündəliyin prioritetlərini yenidən formalaşdırır. Böyük güclərin diplomatik və hərbi resurslarının eyni vaxtda bir neçə böhran zonasına yönəlməsi isə qlobal diqqətin və siyasi kapitalın bölünməsi riskini artırır.
Xüsusilə Ukrayna ətrafında davam edən müharibə fonunda yeni bir regional böhranın meydana çıxması beynəlxalq ictimaiyyətin fokusunda dəyişiklik yarada bilər. Son illərdə Ukrayna münaqişəsi Qərb ölkələrinin təhlükəsizlik strategiyasında əsas prioritetlərdən biri olub. Lakin İranla bağlı mümkün genişmiqyaslı qarşıdurma həm siyasi gündəliyi, həm də hərbi və maliyyə resurslarını fərqli istiqamətə yönəldə bilər.
Bəs görəsən, İran ətrafında böhranın uzanması Ukraynadakı vəziyyətə beynəlxalq diqqətin azalmasına səbəb ola bilərmi?
Politoloq Əli Mustafa Sfera.az-a açıqlamasında bildirib ki, İrandakı hadisələr Ukraynanı müəyyən qədər ictimai diqqətdən kənarda qoyub:

“Sadəcə olaraq daha çox ümumdünya KİV-ləri, informasiya qurumları İran hadisələrinə fokuslanıblar. Çünki, bu miqyasca daha böyük və yeni bir əməliyyatdır. Ukrayna məsələsi isə bir qədər köhnəlib. Amma bütün hallarda Ukraynadakı proseslər müəyyən qədər qaynar vəziyyətdə davam edir. Diqqətin olmaması oradakı proseslərə təsir etmir. Savaş davam edir. Sadəcə olaraq az müzakirə olunur”.
Politoloq qeyd edib ki, bu, hər halda Avropa dövlətlərinin, NATO-nun könüllülər koalisiyasının da diqqətini azaltmayıb:
“Yenə də diqqət oradadır. Sadəcə olaraq informasiya məkanında İran-ABŞ-İsrail müharibəsi ağırlıq təşkil edir. Bütün hallarda hər iki müharibə dünyanın düzənini dəyişir. Hər iki müharibə qlobal-strateji əhəmiyyətli müharibədir”.
Niyaz Hacıyev
Sfera.az
