"İran hökuməti region ölkələri ilə münasibətlərini diqqətlə təhlil etməlidir"

Xəbər verdiyimiz kimi, İran tərəfindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib. Hücum nəticəsində Azərbaycana məxsus mülki təyinatlı obyektlər zərər görüb.
Bu hadisə yalnız hərbi gərginliyi artırmır, həm də regionun iqtisadi və geosiyasi tarazlığına təsir göstərir. Azərbaycanın strateji mövqeyi, sərhəd və ticarət əlaqələri bu tip hücumların həm regional, həm də beynəlxalq nəticələrə səbəb olma potensialını artırır.
İqtisadçı-ekspert Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, İran üçün region ölkələri ilə münasibətlər olduqca kritik əhəmiyyət kəsb edir:

“İran üçün Azərbaycanın rolu vacibdir, amma əksinə Azərbaycan İrana nisbətən daha az asılıdır. 1979-cu ildən bəri tətbiq olunan sanksiyalar fonunda İranın ən böyük tədarükçüsü Rusiya bazarıdır və həmin logistika yolu Azərbaycan üzərindən həyata keçirilir. Bu isə Azərbaycan üçün strateji üstünlük yaradır. Bundan əlavə, Türkiyə bazarına çıxış və Pakistanla sərhəd əməkdaşlığı İran üçün əlavə imkanlar təmin edir. Yəni, əgər bu üç ölkə, Azərbaycan, Türkiyə və Pakistan sərhədlərini bağlasa, İranda baş verən mövcud gərginlik daha da dərinləşə bilər. Ona görə İran hökuməti region ölkələri ilə münasibətlərini diqqətlə təhlil etməli, strateji riskləri qiymətləndirməlidir. Bizim onlara ehtiyacımızdan daha çox, onların bizə ehtiyacı var”.
Ekspert əlavə edib ki, regionda iqtisadi və hərbi təzyiqlər bir-birini gücləndirə bilər və buna görə diplomatik yollardan istifadə etmək, qarşılıqlı asılılıqları nəzərə alaraq qərarlar qəbul etmək İran üçün həyati əhəmiyyət kəsb edir.
Niyaz Hacıyev
Sfera.az
