Azərbaycandan İrana cavab atəşi olacaq? - AÇIQLAMA

İran tərəfdən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib. Hücum nəticəsində Azərbaycana məxsus mülki təyinatlı obyektlər zərər görüb.
Bu hadisə regionda gərginliyi daha da artırıb və Azərbaycan-İran münasibətlərində ciddi narahatlıq yaradıb.
Politoloq Cavanşir Abbaslı Sfera.az-a açıqlamasında bildirib ki, molla rejiminin bu hərəkəti qırmızı xətlərin keçilməsi anlamına gəlir:

“Azərbaycan Prezidenti İlham Əliyevin sərhəd qonşumuz İrana qarşı etdiyi jestə cavab belə olmamalı idi. Heç bir ölkə bu cür risk edib, müharibənin ən pik dövründə səfirliyə gedib başsağlığı verməsi, foto önündə başsağlığı verməsi sıradan bir hadisə deyildi. Görünən odur ki, molla rejimi dəyişməyib və bu cür addımlar atmağa davam edir. Azərbaycan müstəqil ölkədir və hər zaman müstəqil siyasətini yürüdür”.
Politoloqun sözlərinə görə, buna ən layiqli cavab beynəlxalq hüquq normalarına uyğun şəkildə verilməlidir:
“İran çox böyük səhv etdi – bəlkə də tarixi səhvini... Azərbaycan dəfələrlə bildirib ki, öz ərazisindən İrana qarşı zərbələr endirməyə icazə verməyəcək. Görünən odur ki, molla rejimi hələ də yaralar açmağa davam edir və sonda ən böyük zərbəni özünə vuracaq”.
Niyaz Hacıyev
Sfera.az
