Avropa Komissiyası İran münaqişəsində vasitəçi kimi çıxış edəcək?

Avropa Komissiyası İran münaqişəsində vasitəçi kimi çıxış edəcək?
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda beynəlxalq ictimaiyyət diplomatik həll yollarının vacibliyini vurğulayır. Bu kontekstdə Ursula von der Leyen İran münaqişəsinin yalnız danışıqlar yolu ilə həll oluna biləcəyini bildirərək, “Yeganə həll yolu diplomatiyadır” bəyanatını səsləndirib.

 

O, həmçinin regiondakı vəziyyətin enerji, nəqliyyat, təhlükəsizlik və miqrasiya sahələrinə ciddi təsir göstərdiyini qeyd edib.

 

Bu şəraitdə sual yaranır: Ursula von der Leyenin “Yeganə həll yolu diplomatiyadır” bəyanatı real siyasi vəziyyət fonunda nə dərəcədə effektiv görünür və Avropa Komissiyası İran münaqişəsində vasitəçi kimi çıxış edə bilərmi?

 

Politoloq Züriyə Qarayeva Sfera.az -a açıqlamasında bildirib ki, Ursula von der Leyenin “Yeganə həll yolu diplomatiyadır” bəyanatı normativ baxımdan Avropa İttifaqının ənənəvi xarici siyasət xəttinə tam uyğundur. Onun sözlərinə görə, Avropa Komissiyası uzun illərdir çoxtərəfli diplomatiya, sanksiya mexanizmləri və danışıqlar platforması üzərindən böhranların idarə olunmasını müdafiə edir:

 

 

“Lakin real siyasi konfiqurasiyada məsələ daha mürəkkəbdir. İran ətrafında gərginlik artıq yalnız nüvə dosyesi ilə məhdudlaşmır. Bu, paralel olaraq regional təhlükəsizlik arxitekturası, enerji marşrutları və böyük güclər arasında rəqabət kontekstində formalaşır. Bu səbəbdən diplomatiya çağırışı prinsipial olaraq doğru olsa da, onun effektivliyi tərəflərin eskalasiyaya nə dərəcədə hazır olub-olmamasından və ABŞ kimi əsas aktorların mövqeyindən ciddi şəkildə asılıdır. Əgər sahədə hərbi-siyasi dinamika sürətlənərsə, diplomatik ritorika müəyyən müddət üçün prosesləri ləngidə bilər, lakin təkbaşına dönüş nöqtəsi yaratmaya bilər”.

 

Politoloq qeyd edib ki, Avropa Komissiyasının vasitəçi kimi çıxış etməsi isə nəzəri olaraq mümkündür, amma institusional və geosiyasi məhdudiyyətlər mövcuddur:

 

“Aİ daha əvvəl İranla nüvə razılaşması çərçivəsində platforma rolunu oynamışdı və texniki-diplomatik kanallar üzrə təcrübəyə malikdir. Bununla belə, hazırkı şəraitdə Brüsselin təsir imkanları Vaşinqtonun strateji qərarlarından və region ölkələrinin təhlükəsizlik prioritetlərindən kənar müstəqil deyil. Avropa tərəfi daha çox humanitar, enerji təhlükəsizliyi və miqrasiya risklərinin idarə olunması istiqamətində fəal ola bilər. Əgər tərəflər birbaşa danışıqlara hazır olsalar, Aİ neytral texniki platforma və ya fasilitator funksiyasını yerinə yetirə bilər. Amma münaqişənin hərbiləşmə səviyyəsi artarsa, Avropa Komissiyasının rolu siyasi bəyanat və koordinasiya çərçivəsi ilə məhdudlaşa bilər”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ