ABŞ-Ukrayna münasibətləri GƏRGİNLƏŞİR: “Kiyev bu ssenariyə hazır olmalıdır”

ABŞ-Ukrayna münasibətləri GƏRGİNLƏŞİR: “Kiyev bu ssenariyə hazır olmalıdır”

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ölkəsinin Rusiyanın neft emalı zavodlarına təşkil etdiyi hücumlarla bağlı ABŞ-nin tənqidi fikirlərinə cavab verib. O bildirib ki, Kiyev Rusiyadakı neft emalı zavodlarına edilən hücumların dünyadakı enerji qiymətlərinə təsir göstərdiyini müşahidə etmir:

 

“Bu iki məqam arasında səbəb - nəticə əlaqələrinin olduğunu düşünmürük. Bir həftə əvvəl ABŞ müdafiə naziri (red: Pentaqon rəhbəri) Lloyd Ostin (Lloyd J. Austin) bu barədə fikirlərini səsləndirmişdi. ABŞ Ukraynanın çox böyük dostudur. Bizim üçün çox şey edib. Amma düzünü desəm, mən Rusiya ərazisinə hücumlarla dünyadakı enerji qiymətləri arasında səbəb - nəticə əlaqəsini görmürəm”.

 

D.Kulebanın sözlərinə görə, neft emalı zavodlarında baş verən partlayışlar qlobal yox, regional miqyaslıdır:

 

“Bu, ancaq Rusiyanın enerji bazarına təsir göstərə bilər. Biz Rusiyanın enerji bazarında problemlərin yarandığını görürük, amma dünya bazarında heç bir problem yoxdur”.

 

O, həmçinin tərəfdaşları Rusiyanın Ukrayna ərazisində həyata keçirdiyi hücumlar barədə də düşünməyə çağırıb.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, son zamanlar Kiyevlə Vaşinqton arasında münasibətlər pozulur:

 

“Tərəflər bunu açıq şəkildə göstərməsələr də, ziddiyyət aydın hiss edilir. Bunun əsas səbəblərindən biri ABŞ-nin Ukraynaya dəstəyi dayandırmasıdır. Amma bu, üzdə görünəndir. Əslində isə məsələ daha dərindir. İş orasındadır ki, Qərbin Ukraynadakı müharibə ilə bağlı konkret məqsədləri var. Görünür, indiki məqamda Ukrayna ilə Qərbin mövqeyi üst-üstə düşmür. O da mümkündür ki, Ukraynanın əks – hücum əməliyyatının uğursuzluğu ABŞ və Avropa İttifaqını məyus edib. İstisna deyil ki, Qərb artıq müharibəni bitirmək istəyir və Ukraynanı ərazi güzəştlərinə məcbur edir. Rəsmi Kiyev isə bu tələblə razılaşmır. Ona görə də tərəflər arasında ziddiyət yaranır”.

 

Müsahibimiz bildirib ki, ABŞ sanki Ukraynanın imkanlarını məhdudlaşdırır:

 

“Dəstəyin dayandırılması, Rusiya hücumlara etiraz buna misaldır. Ola bilsin ki, həqiqətən, Vaşinqtonun iddia etdiyi kimidir: Rusiyanın enerji obyektlərinə hücumlar dünya bazarındakı qiymətlərə təsir edir. Amma bu, o demək deyil ki, Ukrayna qələbə uğrunda mübarizə aparmasın. Düşünmək olar ki, ABŞ və Ukrayna arasında gərginlik bundan sonra daha da artacaq. Bu isə perspektivdə Ukraynanın imkanlarını azaldacaq və Rusiyanın xeyrinə olacaq. Odur ki, Kiyev indidən bu ssenariyə hazır olmalıdır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR