Millerin Brüssel görüşü ilə bağlı açıqlamasının PƏRDƏARXASI: Əsas məqsəd nədir?
Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-də Brüsseldə Ermənistan baş naziri ilə keçiriləcək görüşdə regional məsələlərə toxunulmayacağını və orada Bakıyla İrəvan arasında sülh prosesindən söhbət getməyəcəyini bildirib.
Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Sahib Alıyev deyib ki, Millerin Blinken-Ursula fon der Lyayen-Paşinyan görüşündə guya regionda baş verənlərə toxunulmayacağı haqda söylədikləri zarafat ola bilər. Millət vəkilinin sözlərinə görə, buna baxmayaraq, həmin görüşdə doğrudan da sülhdən söhbət getməyəcək. S.Alıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Brüssel görüşündən öncə Şərqi Zəngəzur, eləcə də Naxçıvanla şərti sərhəddəki mövqelərimizi atəşə tutması, təmas xətti boyunca qüvvə cəmləşdirməsi bir növ bundan xəbər verir:
“Qarşı tərəfin əvvəlki təxibatları bəlli bir həddi keçəndən sonra Azərbaycanın hansı cavab addımları atdığı çətin ki, unudulsun. Görünür, Ermənistanı yeni təxribatlara həvəsləndirənlər bizi oxşar addımlar atmağa vadar etməyə çalışırlar ki, ona genişmiqyaslı hərbi dəstək üçün əllərində əsasları olsun. Bu təxribatların ABŞ-nin hərbi təlimatçılarının Ermənistanda peyda olduqları zaman baş verməsinin özü də az şey demir”.
S.Alıyev bildirib ki, Azərbaycanla Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır:
“Amma belə bir zamanda regionda ayırıcı xətlər niyə çəkilir, qarşı tərəf nə üçün revanşizmə sürüklənir? Bütün bunlar Böyük Qafqazda və ola da bilsin ki, Mərkəzi Asiyada xaosa, hamının hamıya qarşı savaşına rəvac verməkdən irəli gəlir”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 5-də ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə Brüsseldə görüş keçirəcək.
Günay