Logo

Nifaq toxumu səpməyə çalışanlar boş yerə ümidlənməsinlər

Nifaq toxumu səpməyə çalışanlar boş yerə ümidlənməsinlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər biri uğrunda canlarından keçmiş şəhidlərimizə, sağlamlığını itirmiş qazilərimizə görə hüzn, ehtiram və yanğı hissi ilə bir-birinə qarışır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Zəfər tağının önündəki təbrik çıxışında səsləndirdiyi bu fikirlər hər bir Azərbaycan vətəndaşının ürəyindən keçən hissləri əks etdirir: “Bu Zəfər tağına gedən pilləkənin hər pilləsində Vətən müharibəsinin hər bir günü həkk olunub. Bu pilləkənlə qalxan hər bir insan haqlı olaraq qürur hissi keçirir, 44 günlük şanlı yürüşümüzün tarixini bir daha yaşayır. Bütün bu məsələlər təbiidir. Amma onu da bildirməliyəm ki, bu pilləkəndə, eyni zamanda, şəhidlərimizin qanı da həkk olunub”.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Çoxəsrlik tariximiz bir daha sübut etdi ki, qan tökmədən, şəhid vermədən milli ləyaqət qorunmur, tarixiədalət bərpa edilmir və suverenlik amalı həqiqətə çevrilmir. Artıq heç kim üçün sirr deyil ki, Ermənistana hamilik edən böyük güclər işğal dövründə ədalətin bərpasına mane olmaq üçün əllərindən gələni əsirgəmədilər. İyrənc qarayaxma kampaniyaları, işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanın hüquqi statusunun eyniləşdirilməsinə yönələn riyakar cəhdlər, bağlı qapılar arxasında ölkəmizə edilən təzyiqlər bədxahlarımızın ortaq planının tərkib hissəsi idi. Prezident İlham Əliyevin Xankəndidə Zəfər abidəsinin önündə səsləndirdiyi bu fikir Azərbaycana qarşı fitnə-fəsaddan əl çəkməyən dairələrə həm xatırlatma, həm də xəbərdarlıq mesajıdır: “Dəfələrlə bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələr törədirdilər. Azərbaycana qarşı aparılan genişmiqyaslı qarayaxma, şər-böhtan kampaniyası, Azərbaycan dövlətini, xalqını və rəhbərliyini gözdən salmaq üçün qurulan bütün təxribatlar heç bir nəticə vermədi...Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Əminəm ki, belə də olacaq. Bu gün Azərbaycan güclü dövlətdir, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir”.

Qalib və qüdrətli Azərbaycan reallığı bəzi dairələrə bu gün də rahatlıq vermir. Sinxron şəkildə həyata keçirilən basqıların, iyrənc şər-böhtan kampaniyasının və qərəzli qətnamələr sicilləməsinin əsas səbəbi elə bununla bağlıdır. Çünki Qarabağ Zəfərinin doğurduğu siyasi nəticələr lokal xarakter daşımır və Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni tarixi reallıq bədxahlarımızın çirkin planlarını, regiona ənənəvi baxışını və hamilik iddiasını alt-üst edir. Bu dairələr çox yaxşı bilirlər ki, əldə etdiyimiz bənzərsiz Qələbə Türk dünyasının oyanışındamisilsiz missiyanı yerinə yetirir və milli özünüdərkin birləşdirici faktora çevrilməsində həlledici rol oynayır. Bədxahlarımız bunun da fərqindədir ki, güclü və müstəqil Azərbaycan Türk dövlətləri arasında, həmçinin Avrasiya coğrafiyasında etibarlı və əvəzolunmaz körpüdür. Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük heyətlə Şuşaya səfəri və orada səsləndirdiyi bu bəyanat birliyimizi, regional təhlükəsizliyi hədəf seçən dairələrə xəbərdarlıq mesajıdır: “2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim sarsılmaz olacaqdır”.

Azərbaycan və Türkiyə Prezidentlərinin məhz Zəfər Günündə Şuşada mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər, verdikləri mesajlar bir daha bu həqiqəti təsdiqetdi: Hər iki Liderin Türk dünyasının gələcəyi, regional təhlükəsizlik, xalqlarımızın rifahı və dövlət maraqlarımızla bağlı mövqeyi tam mənada üst-üstə düşür və çoxları üçün örnək təşkil edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi bu bəyanat isə hüdudlarımızın kənarında ideoloji riskləri formalaşdırmaqdan əl çəkməyən, hələ də fitnə-fəsad törətməyə çalışan dairələrə ən tutarlı cavabdır: “Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi, sadəcə olaraq, bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salmışdır... Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları onların gözlərində qalacaq... Biz birlikdə daha da güclüyük. Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli bir amildir. Bu, sabitlik, istiqrar, əməkdaşlıq, təhlükəsizlik amilidir”.

Əminəm ki, Liderlərin tarixi bəyanatları ilə yanaşı, Şuşadan yayılan foto və videogörüntülər hələ də eyni mövqedən çıxış edən, səpdikləri nifaq toxumunun cücərəcəyinə boş yerə ümid bəsləyən dairələrə, həmçinin onların dəyirmanına ağılsızcasına su tökən və hər iki cəmiyyətdə guya “özümüzdən” hesab olunan bəzilərinə Türk tokatı kimi dəyəcək. Amma bu, o demək deyil ki, belələri ağıllanıb sakitləşəcək. Birdəfəlik bilməliyik ki, bu, belə olmayacaq və elə ona görə də istənilən təxribata hər an hazır olmalıyıq. Bədxahlarımızı yalnız birliyimiz və ortaq səylərimizlə öz yerində otuzdura, iyrənc və təhlükəli dillərini “kəsə” bilərik! Hər kəs onu da bilməlidir ki, Şuşa Bəyannaməsi bu gün beynəlxalq ritorikada tez-tez hallanan məlum 5-ci maddədən fərqli olaraq, sağlam və təbii təməllərə söykənir.

Ülvi Quliyev,

Milli Məclisin deputatı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR