Stoltenberqin Bakı səfəri NƏLƏR QAZANDIRACAQ? - “Bundan sonra Ermənistanla...”

NATO Baş katibi Yens Stoltenberq Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycana da gəlib. O, bundan sonra Gürcüstan və Ermənistana gedəcək.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Yensin regiona səfəri Rusiya və Qərb arasında davam edən hərbi-siyasi konfontrasiya fonunda reallaşır. Onun sözlərinə görə, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu fakt NATO-nun maraqlarına cavab verir.
“Bu səfər onu göstərir ki, Azərbaycan Qərblə təhlükəsizlik sahəsində ciddi əməkdaşlıq edir. Türkiyə faktoru burada əsas rol oynayır. NATO Baş katibinin Azərbaycana səfəri zamanı Bakı-İrəvan arasında sülh imkanları istiqamətində dəstək reallaşa bilər. NATO Rusiyanın Azərbaycan və Ermənistan sərhəddində mümkün təxribatlarından narahatdır. Məhz bu kontekstdə Ermənistanla ciddi müzakirələr aparılacaq”.
Müsahibimiz bildirib ki, Cənubi Qafqazın Rusiya ilə Qərb arasında rəqabət mərkəzi olması da istisna deyil:
“Bu səfər NATO-Azərbaycan əlaqələrində yeni səhifə açacaq. Azərbaycan öz hərbi sahəsini NATO standartlarına uyğunlaşdırır. Bu müstəvidə NATO Azərbaycana Türkiyə vasitəsilə ciddi dəstək verə bilər. Cənubi Qafqazda son üç ildə yaranan geosiyasi nizamı NATO qiymətləndirir və bu mənada rəsmi Bakıya tam dəstək veriləcək. Bu da Qərbdə müəyyən mərkəzlərin Azərbaycana qarşı təzyiqlərinin neytrallaşdırılmasına gətirib çıxara bilər”.
Günay