Bu ölkədə uşaqlar daha çox stress keçirirlər - Araşdırma
On üç ölkədə aparılan beynəlxalq araşdırma İstanbulda yaşayan uşaqların digər ölkələrdəki yaşıdları ilə müqayisədə daha çox stress keçirdiyini və həyatlarından daha az məmnun olduqlarını üzə çıxarıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Uşaqların Dünyaları” (Children’s Worlds) adlı araşdırmada ümumilikdə 16 min 749 uşaq iştirak edib. İstanbulda isə 10-12 yaş aralığında 2 min 116 uşaq arasında sorğu keçirilib.
Araşdırmanın nəticələrinə əsasən, İstanbulda uşaqların stress səviyyəsi 10 ballıq şkala üzrə 6 bal təşkil edib. Bu göstərici araşdırmaya daxil olan ölkələr üzrə orta hesabla 4,6 bal olub.
Uşaqların həyatlarından məmnunluq səviyyəsi də İstanbulda daha aşağı qeydə alınıb. Belə ki, İstanbulda bu göstərici 7,83 bal olduğu halda, ümumi orta göstərici 8,48 bal təşkil edib.
Bundan başqa, İstanbulda uşaqların kədər səviyyəsi 5 bal, araşdırmanın ümumi nəticələrində isə 3,9 bal olub. Qız uşaqlarının oğlanlarla müqayisədə daha çox mənfi emosiyalar yaşadığı müəyyən edilib.
Araşdırmada uşaqların məktəb həyatından, ailə münasibətlərindən və yaşadıqları mühitdən məmnunluğu da qiymətləndirilib. İstanbulda məktəb həyatından məmnunluq 7,5 bal, ümumi göstərici isə 8 bal olub.
Eyni zamanda, İstanbulda sorğuda iştirak edən uşaqların 82 faizi öz hüquqlarını bildiyini qeyd edib. Araşdırmanın ümumi nəticələrində isə bu göstərici 62 faiz təşkil edib.
Qeyd edək ki, araşdırmanın Türkiyə üzrə məlumatları 2025-ci ilin aprel-may aylarında İstanbulun ibtidai və orta məktəblərində toplanıb. Nəticələr İstanbul Bilgi Universitetinin Uşaq Araşdırmaları Mərkəzinin təşkil etdiyi tədbirdə təqdim olunub.
Şahanə Ziyad






