Alimlərdən tibbdə rekord: İnsan qaraciyəri 7 həftə bədəndən kənarda canlı saxlanıldı
Avstraliyalı tədqiqatçılar insan qaraciyərini bədəndən kənarda yeddi həftə ərzində canlı saxlamağa nail olduqlarını açıqlayıblar.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin “MIT Technology Review” nəşri məlumat yayıb. Bildirilib ki, Sidney şəhərində həyata keçirilən tədqiqata cərrah Karlo Pulitano rəhbərlik edib. O, Royal Prince Alfred Xəstəxanasında transplantasiya cərrahı və Sidney Universitetində professordur. Tədqiqatçılar donor qaraciyərini “Extended Organ Perfusion System” adlı xüsusi sistemə qoşublar.
Avtomatlaşdırılmış nasoslar və sensorlardan ibarət bu sistem orqanı qan və qida maddələri ilə təmin edib, eyni zamanda tullantı maddələrinin xaric edilməsinə şərait yaradıb.
Qaraciyər təxminən 37 dərəcə temperaturda, yəni insan bədəninin normal temperaturuna uyğun şəraitdə saxlanılıb. Məlumata görə, bundan əvvəl bədəndən kənarda daxili orqanın canlı saxlanılması üzrə rekord İsveçrə alimlərinə məxsus olub. Onlar insan qaraciyərini təxminən iki həftə canlı saxlaya biliblər. Karlo Pulitano bildirib ki, yeni nəticənin əldə olunmasında əsas amil sistemin avtomatlaşdırılmasıdır.
Tədqiqat qrupu bu il İsveçrədə keçirilən elmi toplantıda 55 insan qaraciyəri üzərində aparılan işlər barədə məlumat verib. Avtomatlaşdırılmış sistemə qoşulan qaraciyərlərin orta saxlanma müddəti əvvəlki üsulla müqayisədə üç dəfə artaraq təxminən dörd həftəyə çatıb.
Qaraciyərlərdən biri isə yeddi həftə ərzində canlı saxlanılıb. Alimlərin əsas məqsədi gələcəkdə qaraciyərin saxlanma müddətini mümkün qədər uzatmaqdır. Onların fikrincə, bu texnologiya zədələnmiş orqanların bərpasına, transplantasiya imkanlarının genişləndirilməsinə və yeni müalicə üsullarının araşdırılmasına kömək edə bilər. Bununla belə, mütəxəssislər yeddi həftə saxlanılan qaraciyərin həmin müddətin sonunda nə dərəcədə sağlam olduğunu və transplantasiya üçün yararlı olub-olmadığını hələ bilmirlər.
Şahanə Ziyad






