"Koronavirus bitməyib, qrip mutasiya edir" - Xəbərdarlıq
Payız-qış mövsümündə respirator infeksiyaların artması artıq öyrəşdiyimiz situasiyadır. Ailədə, iş kollektivində və ya ətrafımızda bir neçə nəfərin eyni zamanda xəstələnməsini tez-tez müşahidə edirik.
Bəs virusların yayılmasını sürətləndirən əsas səbəblər nədir? İnsanlar niyə eyni vaxtda xəstələnirlər? Bu prosesin qarşısını almaq mümkündürmü?
Sfera.az xəbər verir ki, professor Adil Qeybulla mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O qeyd edib ki, son vaxtlar soyuqdəymə adlandırılan respirator xəstəliklər, o cümlədən nəfəs və yuxarı tənəffüs yolları infeksiyaları geniş yayılıb:
"Əslində, bu hal yeni deyil. Düzdür, pandemiya başa çatsa da, koronavirus hələ tam bitməyib. Qrip hər il yeni formada mutasiya edir və bizi qarşıda nə vaxtsa ciddi qrip pandemiyası da gözləyir. Bu, Ümumdünya Səhiyyə Təşkilatının proqnozudur.
Yəni yuxarı tənəffüs yolları vasitəsilə yayılan xəstəliklər sırasında koronavirus da artıq həyatımızdadır. Bundan başqa, adenoviruslar, rinoviruslar və digər viruslar da geniş yayılıb. Bu, həm Avropada, həm də ölkəmizdə müşahidə olunur".
Professor bildirib ki, xəstə insanların özlərini qorumaması və ətrafdakıları düşünməməsi virusların yayılmasını sürətləndirir:
"Ümumiyyətlə, bu məsələlərdə özümüzü qorumaq və başqalarını düşünməklə bağlı yanlış təsəvvür var. İnsanlar sağlamlıqlarına diqqət etmirlər, xəstələnirlər, immunitetləri zəifləyir və viruslar fəallaşır. Yaxud virusu başqalarından qəbul edib yayırıq.
Bəziləri maska taxmır, özlərini qorumur, asqıra-asqıra, öskürə-öskürə evdəkiləri xəstələndirirlər. Ailə üzvləri də iş yerlərində və digər məkanlarda başqalarına xəstəliyi ötürürlər. Yaxud xəstələnmiş adam özü işə gedir, asqırır, öskürür, digər iş yoldaşlarını da xəstələndirir. Biz bunun fərqində deyilik".
Adil Qeybulla bəzi ölkələrdə insanların xəstəlik zamanı ətrafdakıları qorumağa daha həssas yanaşdıqlarını vurğulayıb:
"Məsələn, yaponlar, xüsusilə xəstələnənlər payızda maska taxırlar. Həm özlərini qoruyur, həm də başqalarını qorumaq lazım olduğunu düşünürlər.
Nəzərə almaq lazımdır ki, xəstələnmiş adam heç nədən vəfat edə bilər. Yəni insan xəstədirsə və başqalarını düşünmürsə, özündən asılı olmayaraq, kiminsə ölümündə dolayısı ilə iştirakçı olar".
Professorun sözlərinə görə, hazırda yayılan infeksiyalar arasında adenovirusun daha çox olduğu ehtimal edilir, lakin koronavirus da dövriyyədə qalır:
"Koronavirusdan ölüm halları dünyada indiyə qədər də mövcuddur. Ona görə də düşünməliyik ki, qrip var, artıq mutasiya olunmuş formadadır. Mən düşünürəm ki, koronavirus pandemiyasından dərs çıxarmalıydıq. Amma bunları etmirik".
Adil Qeybulla fiziki aktivliyin artırılması, normal qidalanma və sağlam həyat tərzinin vacibliyini diqqətə çatdırıb:
"Heç kim immunitetinin möhkəmlənməsi ilə məşğul olmur. Hamı bir tikə çörək üçün səhər tezdən evdən işə, axşam işdən evə gedir. Fiziki aktivliyin artırılması, normal və sağlam qidalanma vacibdir. Sağlam qidalanma bahalı qidalanma demək deyil. Bu, meyvə, vitaminlər, mineralların daha çox qəbuludur. Xüsusilə gənclərin içdiyi rəngli, energetik içkilər və müxtəlif fastfudlar immun sistemini çox aşağı salır".






