"Son bir ildə dörd xəstəyə ürək transplantasiyası həyata keçirilib"
“Orqan transplantasiyası olduqca mürəkkəb prosesdir. Ötən bir ildə dörd xəstəyə ürək transplantasiyası həyata keçirmişik”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Səhiyyə Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici seminarda bildirib.
Onun sözlərinə görə, ölkədə ürək transplantasiyası yalnız vəfat etmiş donorlardan götürülən orqanlar hesabına həyata keçirilir:
“Ötən bir il ərzində birinci dərəcəli yaxınlarının orqanlarını bağışlayan şəxslərə minnətdarlığımı bildirirəm. Bu, böyük cəsarət və insanlığın zirvəsidir. Bir insanın orqanlarının bağışlanması nəticəsində 7-8 nəfərin həyatını xilas etmək mümkündür. Ötən bir ildə dörd xəstəyə ürək transplantasiyası həyata keçirmişik. Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləmə siyahısındadır. Düşünürəm ki, 10 milyon əhalisi olan ölkəmizdə kifayət qədər potensial donor var”.
Şahanə Ziyad
Sfera.az






