Çox yatmaq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ

Çox yatmaq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Uzun müddət yatmaq II tip diabetdən əziyyət çəkən insanlarda böyrək zədələnməsi riskinin artması ilə əlaqəli ola bilər.

Sfera.az xəbər verir ki, bu qənaətə Yaponiyanın Cuntendo Universitetinin alimləri gəlib. Tədqiqatın nəticələri “Journal of the Endocrine Society” jurnalında dərc olunub.

Araşdırma çərçivəsində II tip diabet diaqnozu qoyulmuş 678 nəfərin məlumatları təhlil edilib. İştirakçıların sağlamlıq vəziyyəti təxminən altı il ərzində izlənilib, yuxu müddəti və diabetik nefropatiyanın inkişafı qiymətləndirilib.

Diabetik nefropatiya qanda şəkərin yüksək səviyyədə olması nəticəsində böyrəklərin tədricən zədələnməsi ilə xarakterizə olunan xəstəlikdir.

Nəticələr göstərib ki, adətən daha uzun müddət yatan iştirakçılarda diabetik nefropatiyanın yaranması və ya irəliləməsi daha çox müşahidə olunub. Bu əlaqə xüsusilə yaşlı insanlarda və böyrəklərinin fəaliyyətində artıq pozuntu əlamətləri olan xəstələrdə nəzərə çarpıb.

Böyrək problemlərinin ilkin əlamətlərinə sidikdə az miqdarda zülalın aşkarlanması və böyrəklərin qanı süzmə qabiliyyətinin zəifləməsi daxildir. Tədqiqat müəlliflərinin məlumatına görə, diabetik nefropatiya diabet xəstələrinin təxminən 30-40 faizində rast gəlinir və ağır hallarda böyrək çatışmazlığına səbəb ola bilər.

Alimlər hesab edirlər ki, uzun yuxu müddəti böyrəklərin zədələnməsinin birbaşa səbəbi olmaya bilər. Bu, diabetin ağırlaşma riskini artıran digər sağlamlıq problemlərinin göstəricisi də ola bilər.

Tədqiqatın müşahidə xarakteri daşıdığını vurğulayan müəlliflər uzun yatmağın birbaşa böyrəklərə zərər verdiyinin sübut edilmədiyini bildiriblər. Buna görə də yalnız bu araşdırmanın nəticələrinə əsaslanaraq yuxu müddətini azaltmaq tövsiyə olunmur.

Qeyd edək ki, əvvəlki araşdırmalarda sutkada 7-8 saat yatmağın demensiya riskinin aşağı olması ilə əlaqəli olduğu müəyyən edilib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR