Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...

Fransada aparılan araşdırma ölkədə satılan makaronların böyük əksəriyyətinin tərkibində zəhərli ağır metal olan kadmiumun olduğunu ortaya çıxarıb.
“Sfera.az” xəbər verir ki, “60 Millions de Consommateurs” jurnalının araşdırmasında “Barilla”, “Lustucru” və “Panzani” kimi məşhur markalar da daxil olmaqla 36 makaron məhsulu yoxlanılıb. Onlardan 34-nün tərkibində kadmium aşkarlanıb. Yalnız iki qlütensiz məhsulda bu maddəyə rast gəlinməyib.
Ən yüksək kadmium göstəricisi “Barilla”nın tam buğdalı makaronlarında qeydə alınıb. Şirkətin penne makaronunda hər kiloqram üçün 0,066 milliqram, spagettidə isə 0,071 milliqram kadmium müəyyən edilib.
Araşdırmada vurğulanıb ki, makaronlardakı kadmium səviyyəsi Avropa İttifaqının müəyyən etdiyi qanuni həddən aşağıdır. Buna baxmayaraq, məhsulların uzun müddət və tez-tez istehlak edilməsi, xüsusilə böyrəklər üçün sağlamlıq riski yarada bilər.
Mütəxəssislər kadmiumun əsasən çirklənmiş torpaqlarda yetişdirilən buğda vasitəsilə qidaya keçə bildiyini bildirirlər. Bu maddəyə çörək, kartof və səhər yeməyi üçün istifadə olunan taxıl məhsullarında da rast gəlinir.
Qeyd edək ki, Fransada hər bir şəxsin illik makaron istehlakı orta hesabla 9,3 kiloqramdır.
Mənsumə






