Onillik tütün statistikası: Kişilərin siqaret asılılığı azalır
Azərbaycanda siqaret çəkənlərin payında azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin ev təsərrüfatının tədqiqatlarına dair məlumatlardan görünür ki, 15 və daha yuxarı yaşda olan kişilər arasında siqaret çəkənlərin payı 2015-ci ildə 35,5% təşkil edirdisə, 2017-ci ilin nəticələrində bu göstərici 33,1%-ə, 2025-ci ildə 32,2 faizə düşüb. On il ərzində payda dəyişiklik 9 faizi ötüb.
Maraqlıdır ki, bu dəyişiklik yalnız insanların zərərli vərdişdən könüllü imtina etməsi ilə bağlıdır, yoxsa siqaretin bahalaşması və sosial davranışların dəyişməsi də prosesə təsir göstərir?
Sosioloq Naib Niftəliyev Sfera.az-a açıqlamasında bildirib ki, siqaret çəkənlərin payının azalması dinamikası cüzi faiz fərqi kimi görünsə də, ümumi göstəricilər baxımından əhəmiyyətli dəyişiklikdir.
Onun sözlərinə görə, bu tendensiya insanların sağlamlığa daha çox diqqət yetirməsi və siqaret asılılığından tədricən uzaqlaşması ilə əlaqəli ola bilər:
“Xüsusilə gənclər və yeni nəslin davranışında müəyyən müsbət dəyişikliklər nəzərə çarpır. Bununla belə, 15 yaşdan etibarən siqaret istifadəsinin müşahidə olunması narahatlıq doğuran məqamdır. Siqaretdən imtina təkcə sağlamlıqla bağlı məlumatlılıq deyil, həm də şəxsi iradə və davranış seçimidir”.
N.Niftəliyevin fikrincə, azalmanın səbəblərini yalnız maarifləndirmə tədbirləri ilə əlaqələndirmək doğru olmaz. Bildirib ki, insanların siqaretin xərçəng və digər xəstəliklərə səbəb ola biləcəyini, ömür uzunluğunu azaltdığını daha yaxşı dərk etməsi mühüm amillərdəndir. Onun fikrincə, siqaretlərin müqayisə edilən müddətdə bahalaşması da tütün istifadəçilərinin payının azalmasına təsir edib:
“2015-ci ildə bir qutu siqaretin dəyəri 1,5-1,8 manat olub. Amma ötən il orta qiymət 3 manatı ötüb. Əvvəllər ucuz və əlçatan siqaretlərdən istifadə daha geniş yayılmışdı. İndi isə ucuz məhsulların tapılması çətinləşib, bahalı siqaretlər isə bir çox insanın büdcəsinə uyğun gəlmir. Bu baxımdan, bəzi şəxslər sağlamlıqla bağlı narahatlıqlara, digərləri isə maddi səbəblərə görə siqaretdən imtina edə bilər”.

Ekspert başqa bir məqama da diqqət çəkib. Onun sözlərinə görə, texnologiyaların inkişafı, informasiya əlçatanlığının artması və insanların ünsiyyət imkanlarının genişlənməsi də xüsusilə gənclərin siqaretə münasibətini dəyişə bilər.
“Belə ki, əvvəlki dövrlərdə bəzi insanlar üçün stressdən çıxış və sakitləşmə vasitəsi kimi qəbul edilən siqaretin bu rolu müəyyən qədər zəifləyib”, - ekspert bildirib.
N.Niftəliyev qlobal səviyyədə siqaret istifadəsinin azalmasına təsir edən amillər arasında elektron siqaretlərə marağın dəyişməsini də qeyd edib:
“Əsas məsələ insanların siqaretdən sağlamlığa vurduğu zərəri dərk etdikləri üçün, yoxsa maddi imkanları məhdudlaşdığına görə imtina etməsidir. Bu səbəblər araşdırılmalıdır”.
İradə Elsevər






