Beyin şişinin qeyri-adi əlaməti açıqlandı - BU VARSA...

Onkoloq, tibb elmləri namizədi, “Gemotest” laboratoriyasının eksperti Anastasiya Fatyаnova beyin şişinin qeyri-adi əlamətini açıqlayıb.
Sfera.az xəbər verir ki, həkim bu barədə “Lenta.ru”ya danışıb.
Onun sözlərinə görə, beyindəki bədxassəli törəmələrin qeyri-spesifik əlamətlərindən biri əhval-ruhiyyənin kəskin dəyişməsi ola bilər.
Həkim bildirib ki, şiş emosiyalara və özünənəzarətə cavabdeh beyin nahiyələrini sıxır və ya zədələyirsə, insanın davranışı nəzərəçarpacaq dərəcədə dəyişə bilər. Əvvəllər etibarlı və sakit olan insan gözlənilməz və emosional davranmağa, işinə həvəslə yanaşan şəxs isə qəfildən hər şeyə marağını itirərək özünə qapana bilər.
Fatyаnova qeyd edib ki, belə hallarda bəzi insanlar öz vəziyyətlərini tənqidi qiymətləndirmək qabiliyyətini də itirirlər. Nəticədə riskli və hətta qeyri-adekvat hərəkətlər edə bilərlər.
“Bir çox pasiyent və onların yaxınları sonradan anlayırlar ki, diaqnoz qoyulmazdan aylar əvvəl nəsə dəyişib. İnsan daha əsəbi, laqeyd və gözlənilməz olub. Lakin həmin vaxt bu, orta yaş böhranı, peşəkar tükənmişlik və ya gənclik maksimalizmi kimi qəbul edilirdi”, – deyə onkoloq bildirib.
Mütəxəssis vurğulayıb ki, bu cür dəyişikliklər adətən tədricən inkişaf edir və digər simptomlarla müşayiət olunur. Davamlı davranış dəyişiklikləri ilə yanaşı tez-tez baş ağrıları, qida qəbulu ilə əlaqəli olmayan ürəkbulanma və qusma, yaxud görmənin pisləşməsi müşahidə edilirsə, həkimə müraciət etmək tövsiyə olunur.
Qeyd edək ki, bundan əvvəl meksikalı həkimlər baş ağrısının beyin xərçənginin əlamətlərindən biri ola biləcəyini bildirmişdilər. Onların sözlərinə görə, ağrı davamlı xarakter alır və zaman keçdikcə güclənirsə, beyində bədxassəli şişdən şübhələnmək mümkündür.
İnci
Sfera.az






