Antidepresanlar asılılıq yaradır?

Antidepresanlarla bağlı cəmiyyətdə müxtəlif yanlış fikirlər və qorxular mövcuddur. Xüsusilə bu dərmanların asılılıq yaratdığı düşüncəsi bir çox insanın müalicəyə başlamaqdan çəkinməsinə səbəb olur.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, psixiatr Yunus Akkeçili antidepresanlarla bağlı cəmiyyətdə ən çox yayılan yanlış fikirlərdən birinin bu dərmanların asılılıq yaratması ilə bağlı qorxu olduğunu bildirib.
Onun sözlərinə görə, həkim məsləhəti və düzgün dozada istifadə edilən antidepresanlar asılılıq yaradan dərmanlar deyil. Bu preparatlar insanın xarakterini dəyişdirmir, uyuşdurmur və zaman keçdikcə daha yüksək dozaya ehtiyac yaratmır. Müalicə başa çatdıqda isə dərmanlar həkim nəzarəti altında tədricən dayandırıla bilər.
Hər üzüntü dərman tələb etmir
Akkeçili qeyd edib ki, hər üzüntü, narahatlıq, yuxusuzluq və stress antidepresan istifadəsini zəruri etmir. Bu əlamətlər həyatın normal bir hissəsi ola biləcəyi kimi, müxtəlif psixi və fiziki xəstəliklərin də göstəricisi ola bilər. Buna görə müalicəyə başlamazdan əvvəl psixiatr tərəfindən ətraflı qiymətləndirmə aparılmalı və xəstənin vəziyyətinə uyğun müalicə planı hazırlanmalıdır.
Dərmanı özbaşına dayandırmaq olmaz
Mütəxəssis antidepresanların yalnız həkim nəzarəti ilə istifadə edilməsinin vacib olduğunu vurğulayıb. İnsanın özünü yaxşı hiss etməyə başlaması müalicənin başa çatdığı anlamına gəlmir. Dərmanların nə qədər müddət istifadə ediləcəyi xəstənin vəziyyətindən asılıdır və müalicənin dayandırılması qərarı mütləq psixiatrla birlikdə verilməlidir.
Mənsumə






