Yay aylarında mədə-bağırsaq problemi buna görə artır - Həkim açıqladı

Yay mövsümündə ishal, qəbizlik və digər mədə-bağırsaq problemləri ilə bağlı həkimə müraciətlərin sayı artır.
Sfera.az bildirir ki, qastroenteroloq Yevgeniya Melnikovanın sözlərinə görə, bunun əsas səbəblərindən biri isti havalarda qidaların daha tez xarab olmasıdır. Həkim bildirib ki, məhsulların saxlanma şəraitinin qısa müddət ərzində pozulması belə qida zəhərlənməsinə səbəb ola bilər.
Mütəxəssisin fikrincə, digər geniş yayılmış səbəb isə məzuniyyət dövründə qidalanma rejiminin dəyişməsidir. Uzun müddət ac qalmaq, daha sonra həddindən artıq yemək, xüsusilə də yağlı, qızardılmış və ədviyyatlı qidalardan çox istifadə mədə, öd kisəsi və mədəaltı vəzi üçün əlavə yük yaradır.
Həkim qeyd edib ki, yay aylarında insanlar daha çox təzə tərəvəz, meyvə, giləmeyvə və göyərti qəbul etməyə başlayırlar. Bu məhsullar sağlam hesab edilsə də, rasionda lif miqdarının qəfil artması köp, qaz, qarında qurultu və nəcis pozuntularına səbəb ola bilər.
Qastroenteroloqun sözlərinə görə, digər risk faktoru kifayət qədər maye qəbul etməməkdir. İsti havalarda orqanizm tərlə daha çox su itirir. Əgər itirilən maye bərpa olunmazsa, bağırsaqların fəaliyyəti pozula, qəbizlik yarana və qidaların həzm prosesi çətinləşə bilər.
İnci
Sfera.az






