Bunlar dəri xərçənginin əlamətidir

Hər kəsin diqqətindən kənarda qalan kiçik bir detal bəzən həyatı təhlükə altına ala bilər.
Son illər bütün dünyada sürətlə yayılan dəri xərçəngi təhlükəsi hər kəsi daha diqqətli olmağa vadar edir. Xüsusilə yay aylarında günəş şüalarının zərərli təsirinin artması bu xəstəliyin riskini qat-qat artırır.
Sfera.az xəbər verir ki, mütəxəssislər bildiriblər ki, dəri xərçənginin erkən mərhələdə aşkarlanması xilasedici rol oynayır.
Dəri xərçəngindən qorunmaq və onu vaxtında aşkar etmək üçün bəzi əsas əlamətlərə diqqət yetirmək lazımdır. İlk növbədə, mövcud xalların forma və rəng dəyişikliyi ciddi siqnal ola bilər. Əgər xalınızın ölçüsü böyüyürsə, kənarları qeyri-səlis və ya girintili-çıxıntılı olubsa, diqqətli olmalısınız. Həmçinin bir xalın içərisində qəhvəyi, qara, qırmızı, ağ və ya mavi kimi müxtəlif rəng tonlarının yaranması risk daşıyır. Bunlarla yanaşı, dəridə uzun müddət, həftələrlə sağalmayan, qabıq verən, tez-tez qanayan və ya qaşınan yaralar da diqqətdən kənarda qalmamalıdır. Yetkinlik dövründən sonra bədəndə qəfil peyda olan və sürətlə böyüyən yeni ləkələr və ya qabarıqlıqlar mütləq həkim tərəfindən yoxlanılmalıdır.
Xüsusilə açıq dəri tipinə sahib olanlar, bədənində çoxlu xalı olanlar və günəş altında uzun müddət qalanlar ildə ən azı bir dəfə dermatoloq müayinəsindən keçməlidirlər.
Bəsti Rəfizadə






