Gənəyə çılpaq əllə toxunmayın

Türkiyə Səhiyyə Nazirliyinin rəsmisi Ərdoğan Öz bildirib ki, gənələr Krım-Konqo hemorragik qızdırmasının əsas daşıyıcılarından biridir.
Sfera.az bildirir ki, o, gənə bədənə yapışdıqda ona çılpaq əllə toxunmağın təhlükəli olduğunu vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, gənə mümkün qədər tez, əlcək və ya paketdən istifadə etməklə, yaxud nazik uclu pinset vasitəsilə ehtiyatla çıxarılmalıdır. Gənənin üzərinə spirt, odekolon və ya digər maddələr tökmək, onu əzmək və ya yandırmağa çalışmaq düzgün deyil.
Həkimlər kənd və meşəlik ərazilərdən qayıtdıqdan sonra bədənin diqqətlə yoxlanılmasını, gənə çıxarıldıqdan sonra isə 10 gün ərzində hərarət, halsızlıq, baş və əzələ ağrıları kimi əlamətlər müşahidə olunarsa, dərhal həkimə müraciət edilməsini tövsiyə edirlər.
Aynil






