Qızılca və suçiçəyi niyə artır? - Həkimlərdən XƏBƏRDARLIQ

Qızılca və suçiçəyi niyə artır? - Həkimlərdən XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Bu ilin birinci yarısında qızılca və suçiçəyi xəstəliklərinə yoluxanların sayı məlum olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 34715 suçiçəyi, 130 qızılca xəstəliyinə yoluxma halı qeydə alınıb. Məlumat üçün qeyd edək ki, 2025-ci ildə ölkədə ümumən 27777 nəfər suçiçəyinə, 10 nəfər isə qızılca xəstəliyinə yoluxub.

Bu dinamika hər iki xəstəlik üzrə yoluxmaların artdığını, xüsusilə də qızılca hallarının nəzərəçarpacaq dərəcədə çoxaldığını göstərir.

Qızılca və suçiçəyinə yoluxma niyə bu qədər artıb? Peyvəndləmə xəstəliyin dinamikasına təsir göstərə bilərmi, yay aylarında tövsiyə edilirmi?

Məsələ ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Sfera.az-a açıqlama verib. O bildirib ki, belə halların meydana çıxmasının müxtəlif səbəbləri var və bunlardan biri də peyvəndləmə ilə bağlıdır:

“Səbəblərdən biri ondan ibarətdir ki, bəzən valideynlərdən soruşanda məlum olur ki, hansısa xəstə uşaq ümumiyyətlə peyvənd olunmayıb. Hətta valideynin özü də bunun fərqində olmur. Əslində, peyvənd əleyhinə müəyyən təbliğatlar aparılır. Bu, ölkəmizdə deyil, daha çox müsəlman coğrafiyasında müşahidə olunan bir tendensiyadır. Vaxtilə koronavirus peyvəndləri əleyhinə aparılan təbliğatlar da əsasən həmin mühitdən qaynaqlanırdı. Belə təbliğatlar nəticəsində bəzi insanlar düşünürlər ki, peyvənd etdirmək zərərlidir və düzgün deyil. Nəticədə uşaqlarını peyvənddən kənarda saxlayırlar. Əksər hallarda da məhz bu səbəbdən uşaqlar və ya sonrakı yaş dövrlərində həmin infeksiyalarla təmasda olan şəxslər çox tez yoluxurlar”.

Ekspertin sözlərinə əsasən, məsələ təkcə peyvəndlənmə ilə bağlı deyil və peyvənd olunmuş uşaqlarda da yoluxma müşahidə edilir:

“Çünki heç bir peyvənd ömürboyu təsir göstərmir. Təxminən 10 ildən sonra peyvəndin yaratdığı immunitet zəifləyə bilər. Bu səbəbdən həmin şəxslər virus daşıyıcısı olan xəstələrlə sıx təmasda olduqda yoluxa bilirlər. Belə hallar mümkündür. Əgər doğrudan da statistika xəstələnmə səviyyəsində artımı göstərirsə, buna qarşı mütləq ciddi tədbirlər görülməlidir. İlk növbədə poliklinikaların əməkdaşları əhali arasında səhiyyə maarifləndirilməsini gücləndirməlidirlər ki, insanlar peyvənddən yayınmasınlar və peyvəndlərini vaxtında etdirsinlər. Uşaqlarda ilk dövrlərdə müəyyən qədər immunitet anadan ötürülür. Sonrakı yaşlarda isə onların immun sistemi daha da formalaşır və güclənir. İmmunitet kifayət qədər möhkəm olduqda infeksiyalara qarşı müqavimət də artır və yoluxma halları azalır. Ona görə də bütün bu məsələlərə diqqət yetirilsə, hesab edirəm ki, vəziyyət normallaşacaq və ciddi problem yaranmayacaq”.

Mövzu ilə bağlı açıqlama verən professor Adil Qeybulla isə bildirib ki, cəmiyyətdə vaksinlərə qarşı adekvat olmayan fikir formalaşıb, antivaksin kampaniyası mövcuddur:

“Bu kampaniyanı cahil insanlar, müəyyən məqsədi olan şəxslər, müxtəlif düşüncəli dini radikallar, xüsusi xidmət orqanları ilə əlaqəli olduğu iddia edilən bəzi şəxslər, həmçinin müxtəlif şirkətlər arasındakı rəqabətdən təsirlənən qruplar aparırlar. Yəni vaksin əleyhinə fəaliyyət göstərən çoxsaylı bir kütlə var. Onlar xüsusilə COVID-19 vaksinini daha çox tənqid edir, onun əleyhinə təbliğat aparırlar, sanki COVID-19 heç ciddi xəstəlik olmayıb. Halbuki anlamırlar ki, COVID-19 pandemiyası zamanı infeksiya zəncirinin qırılmasında əsas rol vaksinasiyanın payına düşürdü. Vaksinasiya olmasaydı, bu gün də epidemioloji vəziyyət ağır olaraq davam edə bilərdi. Digər tərəfdən, vaksinasiya bütün ölkələrdə kifayət qədər əhatəli və koordinasiyalı şəkildə aparılmadığı üçün bu gün də bəzi bölgələrdə epidemiyanın ocaqları qalmaqdadır. Yəni COVID-19 tamamilə aradan qalxmayıb”.

Mütəxəssis Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə ciddi şəkildə əməl etməyi və milli peyvənd təqvimində nəzərdə tutulan vaksinasiyaların məcburi olması ilə bağlı çağırış edib:

“Bu, valideynin seçimindən asılı məsələ olmamalıdır. Qızılca, göyöskürək, tetanos, hepatit B, influenza və digər infeksiyalara gəlincə, milli peyvənd proqramına əsasən uşaqlara 13 adda peyvəndin 11-13 dozasının vurulması nəzərdə tutulur. Bu proqram bütün ölkələrdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında həyata keçirilir və uşaqlar arasında əlilliyə, eləcə də kütləvi ölümlərə səbəb ola biləcək infeksiyaların qarşısının alınmasına xidmət edir. Artıq kütləvi uşaq tələfatı ilə üzləşmirik. Bu dövr geridə qalıb. Bunun əsas səbəbi vaksinasiyadır. Lakin son 10 il ərzində bəzi valideynlər ya məqsədli şəkildə, ya da məsuliyyətsizlik və səhlənkarlıq ucbatından uşaqlarını vaksinasiyadan yayındırıblar.

Eyni zamanda, vaksinasiyaya cavabdeh olan tibb müəssisələri, poliklinikalar və digər aidiyyəti qurumlar da bu məsələdə lazımi məsuliyyəti nümayiş etdirməyiblər. Əslində, Sovet dövründən qalan sahə həkimi institutunun dağılması və ailə həkimi institutunun formalaşmaması nəticəsində vətəndaşlarla səhiyyə sistemi arasında mövcud olan əlaqə qırıldı. Bu da insanların vaksinasiyadan uzaqlaşmasına səbəb oldu. Nəticədə isə bu gün qızılca, göyöskürək və digər infeksiyaların yenidən yayılmasının şahidi oluruq. Bu, tamamilə təbii haldır. Əgər vaksinasiya aparılmayıbsa, həmin infeksiyalar mütləq yenidən baş qaldıracaq”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ