Gənclər arasında intiharın artmasının səbəbi nədir? - Psixoloqdan AÇIQLAMA
Azərbaycanda 2023-cü ildə 1 602 gənc dünyasını dəyişib. Bu, pandemiya dövrünü nəzərə almasaq, 2014-cü ildən sonra qeydə alınan ən yüksək göstəricidir. Belə ki, 2000-ci ilin əvvəllərində bu rəqəm orta hesabla 1700-1800 nəfər olub daha sonra 2014-cü ildə azalaraq 1632-yə enib. 2014-cü ildən 2023-cü ilə qədər ölüm sayı 1300-1500 arasında dəyişib. Ötən il isə yenidən artım müşahidə olunub. Təəssüf ki, bu rəqəmlərin bir hissəsini də intiharlar təşkil edir. Bu barədə statistika açıqlanmasa da, tez-tez sosial şəbəkələrdə belə xəbərlərlə qarşılaşırıq.
Bəs gənclər arasında intiharın artmasının səbəbi nədir? Bunun qarşısını necə almaq olar?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, ölüm deyəndə onun ancaq yaşlılara aid olduğunu düşünsək də, ölümün gəncləşməsi artıq bu fikri dəyişib.
Klinik psixoloqun sözlərinə görə, ölüm insan düşüncəsinin çətinə düşdüyü haldır:
“Gündəlik aldığımız informasiyalar psixologiyamıza olduqca təsir edir. Hətta müsbət informasiyaların çoxluğu da insanın psixologiyasına mənfi təsir göstərə bilər. Sağlam psixoloji mühit insanın nitq və davranışlarını nizamlayır. Sağlam psixoloji mühit olmayanda şəxsdə hər zaman ölüm düşüncəsi çıxış yolu kimi görünür”.
O qeyd edib ki, gənclərin ölüm qərarı və ya ölümə düçar qalması mühitdən asılıdır:
“Rəqəmsal dünya insan düşüncəsində qeyri-sağlam həyata maraq formalaşdırıb. Qeyri-sağlam həyat tərzinin olması istər tibbi, istərsə də psixoloji ölümü tətikləyir. Bir gəncin ölümü belə statistika olaraq çoxdur”.
R.Nəcəfov vurğulayıb ki, psixoloji maarifləndirmə fəaliyyətləri genişləndirilməlidir:
“Düşüncə dəyişməlidir ki, həyata baxış bucağı da dəyişsin. Fiziki və psixoloji sağlamlığın qorunmasında sahələr üzrə mütəxəssislərin elmi tövsiyələrinə ehtiyac var. Rəqəmsal platformalarda əlçatan ideya və layihələr inkişaf etdirilməlidir. İnsanlar həyata baxışlarında ölümə qarşı yaşamağı seçməlidirlər. Ölüm son ola bilər, amma çıxış yolu deyil”.
Firuzə Əliyeva