Logo

Azərbaycan və Ermənistanın su əməkdaşlığı: Nə vəd edir?

Azərbaycan və Ermənistanın su əməkdaşlığı: Nə vəd edir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qrupları yaradılır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də parlamentdə hökumətlə sual-cavab zamanı bildirib.

Paşinyanın sözlərinə görə, tərəflər hər iki ölkənin ərazisindən keçən çayların su ehtiyatlarından istifadə qaydalarını və ekoloji tələbləri müzakirə edəcəklər. Baş nazir işçi qruplarının ilk görüşünün hələ keçirilmədiyini bildirib.

Bəs söhbət konkret hansı çaylardan və su ehtiyatlarından gedir? Bu əməkdaşlıq Azərbaycanın su təminatına, xüsusən də sərhədyanı ərazilərdə suvarmaya nə verə bilər?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Sfera.az-a açıqlamasında deyib ki, əməkdaşlıq çaylarla yanaşı, sərhədyanı ərazilərdəki yeraltı su ehtiyatlarını da əhatə edə bilər:

“Ermənistanla Azərbaycan arasında sülh gündəliyi çərçivəsində sərhədyanı çayların idarə olunması sahəsində əməkdaşlıq Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçən həftə Dublində keçirilən görüşündə gündəmə gəlib. Bu məqsədlə Azərbaycan və Ermənistan tərəfindən işçi qruplarının yaradılması nəzərdə tutulur. Burada söhbət əsasən Ermənistan ərazisindən Azərbaycana axan transsərhəd çaylardan və sulardan gedir. Eyni zamanda, Azərbaycanla Ermənistanın şərti sərhədində bir neçə yeraltı su layları var. Bu laylardakı suyun keyfiyyəti və qorunması ilə bağlı məsələlərin də müzakirəsi nəzərdə tutulur”.

Azərbaycan və Ermənistanın su əməkdaşlığı: Nə vəd edir?

O, sərhədə yaxın ərazilərdə metal hasilatının su ehtiyatlarına mümkün təsirinin də araşdırılmasına ehtiyac olduğu qeyd edib:

“Ermənistan ərazisində mədən sənayesi fəaliyyəti həyata keçirilir. Azərbaycanla sərhədə yaxın olan ərazilərdə metal hasil olunur. Bu fəaliyyətin ərazidəki su ehtiyatlarına və çay hövzələrinə təsir göstərməsi ehtimalı var. Ona görə də məsələnin ikitərəfli qaydada müzakirə olunmasına və araşdırılmasına ehtiyac var”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR