İranda assimilyasiya siyasəti: Türk mənşəli adlar hədəfə alınır
İranda Azərbaycan türklərinin milli kimliyinin qorunması ilə bağlı problemlər yalnız ana dilində təhsil və gündəlik ünsiyyət imkanlarının məhdudlaşdırılması ilə bitmir. Türk mənşəli adların uşaqlara verilməsi, qeyri-fars adlarının rəsmi qeydiyyatında yaradılan çətinliklər, həm də biznes obyektlərinin adlandırılmasında fars dilinin üstün tutulması ölkədəki milli kimlik müzakirələrini yenidən gündəmə gətirir. Ad insanın fərdi seçimi olmaqla yanaşı, həm də onun mənsub olduğu xalqın dilini, tarixini və mədəniyyətini yaşadan mühüm vasitələrdən biridir. Bu baxımdan, ad seçiminə müdaxilələr cəmiyyətin müəyyən təbəqələrində milli kimliyə münasibətin göstəricisi kimi qiymətləndirilir.
Xüsusilə Cənubi Azərbaycanda yaşayan milyonlarla insan üçün ana dilinin və milli kimliyin qorunması məsələsi həssas xarakter daşıyır. Azərbaycan türklərinin öz dillərində təhsil almaq, bu dildə ünsiyyət qurmaq və mədəni irslərini sərbəst şəkildə yaşatmaq istəkləri ilə rəsmi Tehranın milli siyasəti arasında ziddiyyətlər var. Belə bir şəraitdə adların seçilməsinə və ictimai məkanlarda istifadəsinə qoyulan məhdudiyyətlər daha geniş siyasi və ideoloji siyasətin tərkib hissəsi kimi müzakirə olunur.
Bəs İran hakimiyyəti türk mənşəli adların istifadəsinə niyə qarşıdır? Bu siyasətin arxasında milli kimliyin zəiflədilməsi məqsədi dayanırmı?
Politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, İranda qeyri-fars xalqlara, xüsusilə Azərbaycan türklərinə qarşı təzyiqlər və ayrı-seçkilik uzun müddətdir mövcuddur.

Onun sözlərinə görə, rəsmi Tehran Azərbaycan türklərinin milli mənsubiyyətlərini ön plana çıxarmasından, öz dillərində təhsil almaq və ünsiyyət qurmaq tələblərindən ciddi narahatlıq keçirir:
“İran hakimiyyəti Azərbaycan türklərinin ana dilində təhsil hüququnu kobud şəkildə pozur. Bu münasibətin əsas səbəbi siyasi narahatlıqdır. Tehran hesab edir ki, Azərbaycan türklərinə öz dillərində təhsil və milli özünüdərk imkanlarının verilməsi gələcəkdə ölkədə ciddi siyasi dəyişikliklərə yol aça bilər.
Rəsmi Tehran bu səbəbdən Azərbaycan türklərini və digər qeyri-fars xalqları təzyiq altında saxlamağa çalışır. Halbuki Azərbaycan türkləri İranın tamhüquqlu vətəndaşlarıdır və digər vətəndaşlarla bərabər hüquqlara malik olmalıdırlar”.
E.Xalidbəyli vurğulayıb ki, milli hüquqlarını müdafiə edən cənubi azərbaycanlı fəalların həbs olunması da hakimiyyətin bu məsələyə siyasi təhlükə kimi yanaşdığını göstərir. Onun sözlərinə görə, Tehran ölkədə mümkün siyasi dəyişikliklərə təsir göstərə biləcək əsas milli-etnik qrupları nəzarət altında saxlamağa çalışır:
“İranda ciddi siyasi islahatlara və bütün əhali qruplarının, o cümlədən cənubi azərbaycanlıların hüquqlarının təmin olunmasına ehtiyac var. Bununla belə, hazırkı şəraitdə hakimiyyətin bu istiqamətdə real dəyişikliklərə gedəcəyi inandırıcı görünmür. Azərbaycan türkləri vahid mövqedən çıxış edərək öz hüquqlarının təmin olunması istiqamətində tələb və təzyiqlərini davam etdirərlərsə, gələcəkdə müəyyən dəyişikliklərin baş verməsi də istisna deyil”.
İradə Elsevər






