Logo

Ermənistan ilə KTMT arasında gərginlik artır: "Rusiyadan uzaqlaşmaq istəyirlər"

Ermənistan ilə KTMT arasında gərginlik artır: "Rusiyadan uzaqlaşmaq istəyirlər"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında münasibətlərdə yeni gərginlik yarana bilər. Təşkilatın Baş katibi Taalaibek Masadıkov Rusiyanın Ermənistanla bağlı xüsusi qərar layihəsi hazırladığını açıqlayıb. Bildirilir ki, söhbət KTMT Nizamnaməsinin 25-ci maddəsinin tətbiqindən gedir. Həmin maddə maliyyə öhdəliklərini yerinə yetirməyən üzv dövlətlərin müəyyən hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutur. Bu isə Ermənistanın təşkilat daxilindəki gələcək statusu və qərarların qəbulunda iştirakı ilə bağlı suallar doğurur.

Bəs 25-ci maddənin tətbiqi Ermənistan üçün hansı hüquqi və siyasi nəticələrə səbəb ola bilər? Məhdudiyyətlər yalnız səsvermə hüququnu əhatə edəcək, yoxsa ölkənin təşkilatdakı digər hüquqlarına da təsir göstərə bilər?

Politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, hazırda Ermənistanın xarici siyasət kursunda ciddi transformasiya prosesi gedir.

Ermənistan ilə KTMT arasında gərginlik artır: "Rusiyadan uzaqlaşmaq istəyirlər"

Onun sözlərinə görə, Ermənistan Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşmaq istiqamətində addımlar atır:

“Ermənistan Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşmaq istiqamətində addımlar atır. Rəsmi İrəvan Rusiyanın himayəsi altında fəaliyyət göstərən qurumlarla gələcək münasibətlərini müəyyənləşdirmək üçün qərarlar qəbul etmək üzrədir. Baş nazir Nikol Paşinyanın son açıqlamalarından belə anlaşılır ki, Ermənistan Kremllə münasibətlərini tamamilə qoparmaq xəttinə gəlib çatıb. Paşinyan bəyan edib ki, KTMT-nin Ermənistan üçün əhəmiyyəti tamamilə itib və bu təşkilat artıq ölkə üçün heç bir önəm daşımır. Buna görə də Ermənistan təşkilat çərçivəsində fəaliyyətini tamamilə dondurub və onu bərpa etmək niyyətində deyil”.

Politoloq qeyd edib ki, belə bir şəraitdə Rusiyanın Ermənistanı KTMT-dən çıxarmaq niyyətində olması gözlənilməz deyil:

“Belə bir şəraitdə Rusiyanın Ermənistanı KTMT-dən çıxarmaq niyyətində olması gözlənilməz deyil. Moskva üçün daha ciddi problem yarada biləcək məsələ Ermənistanın Avrasiya İqtisadi İttifaqından da çıxmaq ehtimalıdır. Paşinyan bəyan edib ki, Ermənistan bu məsələ ilə bağlı prinsipial qərar qəbul etmək məcburiyyətindədir. Böyük ehtimalla, Ermənistan Avrasiya İqtisadi İttifaqını tərk etməli olacaq. Eyni zamanda, rəsmi İrəvan növbəti ildə Avropa İttifaqına üzvlük proseduruna başlamaq üçün rəsmi müraciət etmək niyyətində olduğunu açıqlayıb. Bu da onu göstərir ki, hazırda baş verən proseslər Ermənistan üçün kifayət qədər ciddi nəticələr doğura bilər”.

Elçin Xalidbəyli vurğulayıb ki, Ermənistanın xarici siyasətindəki bu dəyişikliklərin nəticələrini indidən dəqiq müəyyənləşdirmək çətindir:

“Bu proseslərin Ermənistan üçün müsbət və ya mənfi nəticələr doğurması mümkündür. Bunun hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirmək üçün bir qədər gözləmək lazım gələcək. Ancaq şübhə doğurmayan əsas məsələ odur ki, Ermənistan Rusiya ilə əlaqələrini tamamilə qoparmaq qərarına yaxınlaşır və bu, yaxın vaxtlarda baş verə bilər”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR