13 milyard dollarlıq asılılıq – Ermənistan bu halda çox şey itirəcək
Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olmaqla yanaşı, Avropa İttifaqı ilə də yaxın münasibətlər qurmağa çalışır. Rəsmi İrəvanın bu niyyətini anlayan Rusiya Ermənistana bir neçə dəfə xəbərdarlıq edib. Rəsmi Moskva bildirir ki, Ermənistan ya Aİİ ilə, ya da Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməlidir. Rusiyanın mövqeyi belədir ki, əgər Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirsə, Aİİ-nin üzvlüyündən azad ediləcək və bu halda Ermənistan iqtisadiyyatı böyük zərər görəcək.
Qeyd edək ki, hazırda Ermənistanın xarici ticarət əlaqələrinin böyük hissəsi Aİİ ölkələri ilə aparılır.
Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasından sonra bu bazarın çox hissəsinin itiriləcəyi gözlənilir.
Bəs Avropa Birliyi ilə yaxınlaşma Aİİ-dən çıxdıqdan sonra yaranan itkini kompensasiya edə bilərmi?
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu Sfera.az-a açıqlamasında bildirib ki, Ermənistanın Avropa İttifaqına yaxınlaşması artıq siyasi səviyyədə rəsmiləşib.
Onun sözlərinə görə, Ermənistan parlamenti ötən il ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib:
"Bu qərar rəsmi İrəvanın Avropa istiqamətində siyasi kurs götürdüyünü göstərir. Baş nazir Nikol Paşinyanın bəyanatları da Ermənistanla Avropa İttifaqı arasında yaxınlaşmanın dərinləşdiyini təsdiqləyir. Avropa İttifaqının Ermənistanın hazırkı hakimiyyəti üzərində ciddi təsir imkanları var və Avropadan gələn siyasi mesajlar ölkənin mövqeyinin formalaşmasına təsir göstərir. Yaxın və orta perspektivdə Avropa İttifaqının Avrasiya İqtisadi İttifaqının Ermənistana verdiyi iqtisadi üstünlükləri əvəz etməsi real görünmür. Uzaq perspektivdə belə bir ehtimal mümkün olsa da, bu, həm Ermənistandakı siyasi hakimiyyətin gələcək mövqeyindən, həm də bir sıra digər amillərdən asılı olacaq”.

Politoloqun sözlərinə görə, Ermənistanın Aİİ ilə iqtisadi əlaqələri kifayət qədər genişdir və bu əməkdaşlıq təkcə ticarətlə məhdudlaşmır. O deyib ki, Ermənistanın xarici ticarət dövriyyəsinin təxminən 42 faizi Aİİ-nin payına düşür. Ekspert bildirdi ki, bu göstərici ittifaqın Ermənistan üçün əsas ticarət tərəfdaşı olduğunu nümayiş etdirir:
“2024-cü ildə Ermənistanla Avrasiya İqtisadi İttifaqı arasındakı ticarət dövriyyəsi təxminən 13 milyard dollar təşkil edib. Bu həcm Ermənistanın Avropa İttifaqı ilə ticarət dövriyyəsinden təxminən altı dəfə çoxdur. Son üç-dörd ildə Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsi də təxminən dörd-beş dəfə artıb. Bu rəqəmlər Ermənistan kimi kiçik iqtisadiyyata malik ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Avrasiya İqtisadi İttifaqı çərçivəsində mövcud olan vahid gömrük qaydaları və üzv ölkələr arasında gömrük rüsumlarının tətbiq edilməməsi Ermənistan istehsalçıları üçün əlverişli şərait yaradır”.
Politoloqun fikrincə, Ermənistan istehsalçıları uzun müddət ərzində Aİİ bazarına uyğunlaşıblar və bu müəssisələrin qısa müddətdə Avropa İttifaqının standartlarına və tələblərinə uyğunlaşdırılması isə ciddi çətinliklər yaradacaq:
“Avropa İttifaqının öz standartları və tələbləri var. Onun bazarında kifayət qədər güclü, mövqelərini möhkəmləndirmiş və öz müştəri bazasına malik istehsalçılar fəaliyyət göstərir. Ermənistanın həmin bazarda özünə yer etməsi, ən azı mövcud standartlara uyğunlaşması üçün böyük vəsait tələb olunur.
Avropa İttifaqının hazırkı iqtisadi və sosial problemləri də bu prosesə təsir göstərə bilər. Fransada və İtaliyada sosial narazılıqlar fonunda baş verən iğtişaşlar, eləcə də bu kimi hadisələrin digər Avropa ölkələrinə yayılması riskləri ittifaqın qarşılaşdığı çətinlikləri göstərir. Belə bir şəraitdə Ermənistanın iqtisadi uyğunlaşması üçün böyük həcmdə maliyyə dəstəyi alacağına güvənmək çətin ola bilər”.
E.Mirbəşiroğlu diqqətə çatdırıb ki, Aİİ-nin Ermənistan üçün əsas üstünlüklərindən biri də üzv ölkələrin əmək bazarlarına çıxış imkanlarıdır. Politoloqun fikrincə, Ermənistan vətəndaşları, xüsusilə Rusiyada yaşayan və işləyən əmək miqrantları bu imkanlardan yararlanırlar:
“Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə, bu, ölkə vətəndaşlarının üzv dövlətlərin əmək bazarlarına çıxışına mənfi təsir göstərə bilər. Nəticədə həm əmək miqrantlarının vəziyyəti, həm də Ermənistanın sosial-iqtisadi durumu çətinləşə bilər. Rusiyada yaşayan və işləyən çoxsaylı ermənilər Ermənistana pul vəsaitləri göndərirlər. Bu köçürmələr ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrin zəifləməsi yalnız ticarət sahəsində deyil, əhalinin gəlirləri və sosial rifahı baxımından da risklər yarada bilər”.
Politoloq Ermənistanın Rusiyadan enerji asılılığının da nəzərə alınmalı olduğunu vurğulayıb. O bildirib ki, Ermənistan Rusiya təbii qazından birbaşa asılıdır və hazırda bu mənbəni tam əvəz edə biləcek alternativ müəyyənləşdirilməyib:
“Avrasiya İqtisadi İttifaqından mümkün çıxış və Avropa İttifaqına daha sıx inteqrasiya Ermənistan qarşısında əlavə iqtisadi və siyasi çətinliklər yarada bilər. Belə bir addım enerji təchizatı ilə bağlı məsələləri də gündəmə gətirə bilər. Ermənistanın qarşılaşa biləcəyi problemlər bununla bitmir. Avropa İttifaqına inteqrasiya prosesi İrəvanın xarici siyasət seçimlərinə də təsir göstərə bilər”.
İradə Elsevər






