Türkiyədə azərbaycanlılar olan gəmi batdı, ölənlər var - FOTO/VİDEO

14:33 / 07.01.2019
2337
Xilasedicilər iki nəfərin meyitini sudan çıxara biliblər
İçərisində Azərbaycan vətəndaşlarının da olduğu gəmi Qara dənizdə batıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Samsun şəhəri sahillərində baş verib.
Samsun valiliyindən verilən açıqlamaya görə, gəmi bu gün səhər saat 08 radələrində batmağa başlayıb. Quru yük gəmisindən həyəcan siqnalı daxil olub. Dərhal Samsun və Sinopdan iki xilasedici gəmisi yola çıxıb. Lakin onlardan biri hava şəraiti irəliləməyə imkan vermədiyi üçün geri qayıtmalı olub.
Panama bayraqlı gəmidə 13 heyət üzvi olub. Onlardan 9-u Ukrayna, 2-i Azərbayacan,2-i isə Rusiya vətəndaşlarıdır.
Artıq gəminin 6 əməkdaşı nəfəs kəsən əməliyyatla xilas edilib. İki nəfərin isə meyiti sudan çıxarılıb. Dənizdən çıxarılanlar xəstəxanalara yerləşdiriliblər. Ölən və xilas edilənlərin adları açıqlanmayıb.
Xilasetmə işlərinə helikopter də cəlb edilib. Axtarış xilasetmə işləri davam edir.
