Gəncə hökmdarı, qeyrətli Cavad xan

Cəmiyyət
08:30 / 03.01.2019
2634
Bu gün Azərbaycanın böyük oğlu Cavad xanın ölümündən 215 il keçir
Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan Qacarların bir qoludur. Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi.
Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olub. Cavad xanın anası Şərəf Cahan bəyim də əsil-nəcabətli bir nəsildən idi. Cavad xan hakimiyyətə İraklinin köməyi ilə gəlib. Belə ki, bundan sonra bir neçə il müddətində o, ilbəil gürcü çarına 10 min manat həcmində vergi ödəyirdi. Çar İraklinin ölümündən sonra Cavad xan Nadir şahın vaxtında İrakliyə bağışlanmış Borçalı və Şəmşədil mahallarını geri qaytarmağa çalışır. Lakin ona yalnız Şəmşəddil mahalını azad etmək müyəssər olur. General Sisiyanov Tiflisdən Cavad xana yazdığı məktubunda ondan öz fəaliyyəti haqqında qısa hesabat istəyir, dostluq və sədaqət əlaməti olaraq, oğlu Uğurlu xanı onun yanına göndərməsini tələb edirdi. Cavad xan belə kobud şəkildə qoyulmuş tələbləri yerinə yetirməkdən imtina edir. O başa düşür ki, bu dəfə rus himayəsi altına artıq xanlığın saxlanması şərti ilə keçmək mümkün olmayacaq. Xanlıq ləğv olunacaq.
1803-cü ilin 22 noyabrında ruslar Tiflisdən Gəncə istiqamətində hərəkət edirlər. Şəhərin yaxınlığında dayanan Sisyanov yenidən Cavad xana məktub yazaraq, şəhəri təslim etmək barədə ultimatum verir. Cavad xan cavab verir ki, o, Gəncəni döyüşərək müdafiə edəcəkdir. Cavad xan öz qoşununu və yaxın adamlarını başına yığaraq, düşmənin üzərinə yeriyir. Döyüş dahi şairimiz Nizami Gəncəvinin məqbərəsi yaxınlığında, Quru qobu adlanan yerdə baş verir. Qüvvələr nisbəti açıq-aydın görünürdü ki, bərabər deyil və buna görə də gəncəlilər ağır itkilər verdikdən sonra geri çəkilərək, qalanın darvazalarını bağlayırlar. Onları təqib eləyən ruslar da şəhərə girərək, qalanı dörd bir tərəfdən mühasirəyə alırlar. Düz bir ay Sisiyanovun ultimatumlarına Cavad xan birmənalı şəkildə eyni cür cavab verir: "Şəhəri verməyə gəlincə, bu niyyətindən çəkin, çünki bu olan iş deyil. Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür".
Qabaqdan qarlı qış gəlirdi və bunu gözünə alan Sisiyanov 1804-cü ilin 3 yanvarında qalanı hücumla almaq qərarı verir. İlk hücumda qalanı asma pilləkənlərlə almaq istəyirlərsə də, uğursuzluğa düçar olurlar. Bu hücum qurtarmamış, qalanın o biri yanından hücum başlanır. Gəncəlilərin qəhrəmancasına müqavimət göstərmələrinə baxmayaraq, ruslar qalanın əsas qüllələrini ələ keçirirlər. Qalanın divarları üzərində açıq döyüş zamanı Cavad xan 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə, səhər saat 4-də düşmən gülləsindən həlak olur. Qala divarları uğrunda döyüşlərdə onun oğlu Hüseynqulu xan da atasının adına layiq bir şərafətlə həlak olur. Gəncə bundan sonra Rusiyanın himayəsinə keçir və xanlıq ləğv olunur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgişamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər. Lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır. Cavad xanın başcılığı ilə gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə aparırlar. Cavad xan hətta düşmənlərinin belə etiraf etdiyi bir qəhrəmanlıqla həlak olur. 1826-cı ilin 26 iyulunda Cavad xanın oğlu Uğurlu xan Gəncəni yenidən ələ almış və qısa bir müddətdə də olsa, xanlığı bərpa edə bilib. Uğurlu xan qeyri-adi cəsarəti və sərkərdəlik bacarığı ilə fərqlənirdi. O, sonradan da özünün kiçik dəstəsi ilə iki dəfə Azərbaycanın içərilərinə doğru irəliləmiş, hətta yenidən Gəncəni ələ keçirməyə cəhd göstərib.
Cavad xan Gəncədə Şah I Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunur. 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası adı altında onun məzarı dağıdılır.