"Semaşko"nun baş həkimi: “Xəstələri pulsuz müalicə edirik” - FOTO
1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") baş həkimi Ədalət Dadaşov report-a müsahibə verib.
Milli.Az müsahibəni təqdim edir:
- Ötən ilin mayında Kliniki Tibbi Mərkəzə baş həkim təyin olunmusunuz. Bundan əvvəl həmin səhiyyə ocağında cərrahiyə şöbəsinin müdiri vəzifəsində işləyirdiniz. Bəzən mətbuatda Mərkəz haqqında müxtəlif neqativ fikirlər, yəni rüşvətin mövcudluğu, zəif xidmət göstərilməsi və pullu olması, xəstələrin zərurət yaranmadığı təqdirdə əməliyyat edilməsi və s. səsləndirilir. Bu hallar mümkündürmü?
- Mərkəzimizdə 30 min adama stasionar, 50-60 min adama isə ambulator yardım göstərilirsə, təbii ki, hansısa xoşagəlməz hal ola bilər. Hər şeyin ideal olması mümkün deyil. Mərkəzimizin 1919 əməkdaşı var və iş prosesində gərginliklər də olur. Məsələn, hansısa narkomanı əməliyyat edirsən, oyananda sənin ailəndəki qadınları söyür. Sadəcə, işimizin xatirinə bunların hamısını uduruq.
Eyni zamanda, burada ehtiyac olmadığı təqdirdə hansısa xəstəyə əməliyyat təklif edilməsinə rast gəlməmişəm. Düzdür, hər bir xəstə əməliyyat olunmamasını istəyər. Çünki əməliyyat ağır bir sınaqdır. Əməliyyat həkimdən asılı olan və olmayan fəsadlarla nəticələnə bilir. Ona görə də riskli işdir. Əməliyyat yalnız xəstəliyin aradan qaldırılması üçün başqa mümkün çıxış yolu qalmadıqda icra olunur. Bu səbəbdən deyilənlər sadəcə boş sözlərdir.
Hazırda mərkəzdə rəsmi şəkildə heç bir pullu xidmət yoxdur. Əgər gələcəkdə burada hansısa xidmətin pullu olması qərarı verilərsə, bu, həyata keçirilə bilər. Təbii ki, bu da dövlətin verə biləcəyi qərardır. Ancaq biz xəstələri pulsuz müalicə edirik.
- Həkim və ya tibb işçilərinin xəstələrdən və ya yaxınlarından pul tələb etməsi ilə bağlı şikayət olubmu? Belə olan hal müşahidə olunubsa, nə kimi tədbirlər görmüsünüz?
- Hərdən belə hallar da olur. Xəstələr şikayət yazır və "qaynar xətt"ə müraciət edirlər. Kim nöqsana yol verirsə, həmin tibb işçilərinin izahatı alınır, lazım olanda töhmət verilir və ya xəbərdarlıq edilir. Müəyyən müddətə həkim tibb işçisini müalicə işindən uzaqlaşdırırıq. Bu da çoxluq təşkil etmir.
- Həmçinin, dərman və tibbi ləvazimatların çatışmadığı, yaxud da dərmanların xəstələrin özlərinə aldırıldığı deyilir. Bu, nə dərəcə düzgündür?
- Mərkəzdə müalicə olunan xəstələrə Səhiyyə Nazirliyinin hazırladığı siyahıya uyğun olaraq dərmanlar verilir. Əgər xəstənin özünə dərman aldırılırsa, deməli, həmin dərman nəzərdə tutulmuş siyahıda yoxdur. Yəni bununla bağlı müqavilə var və yazılanda xəstə heç bir etiraz etmir. Siyahıda olan dərmanların təchizatında qısamüddətli texniki fasilələr ola bilir. Məsələn, innovasiya bazasına həmin dərman yazılıb, lakin xəstəxanaya hələ gətirilməyib. Bu, həmin dərmanların Mərkəzdə olmadığı demək deyil. Əsas olan xəstənin taleyidir.
- Bəzən reanimasiyada tibb işçilərinin sayının az olmasından da şikayət edirlər. Ümumilikdə reanimasiya şöbəsində nə qədər tibb işçisi çalışır?
- Xəstələr reanimasiyada iki yerə bölünür. Bunlar süni tənəffüs aparatına qoşulanlar və ağır xəstələr. Yəni 3 xəstəyə bir reanimatoloq olmalıdır. İdealda isə hər xəstəyə bir tibb bacısı baxmalıdır. Mərkəzdə isə müəyyən çatışmazlıq var. Məsələn, 4-5 xəstəyə bir tibb bacısı var, hətta 7-8 və ya bəzən 10 xəstəyə bir reanimotoloq düşür. Ancaq vəziyyət kritik olanda çox ağır səylər nəticəsində işin öhdəsindən gəlirlər. Lakin ümumilikdə vəziyyət qənaətbəxşdir.
- Hazırda xəstəxanada nə qədər vakant yer var? Gənc kadrların işlə təmin olunması məsələsi necə həll olunur?
- Hazırda Mərkəzdə 1 919 tibb işçisi çalışır. Keçən ildən başlayaraq rezidenturadan sonra bir neçə gənc kadr işlə təmin olunub. Terapiya şöbəsində təhsil alan bir qız da bizdə işə götürülüb. Keçən il üzrə bizim xəstəxanaya 3 nəfər gənc gəlib. Praktika Səhiyyə Nazirliyi tərəfindən davam etdirilir. Bizdə vakansiya elə də çox deyil. Məsələn, toksikologiya şöbəsində vakant kardioloq vəzifəsi var. Yaxud da Qan bankında terapevt vəzifəsi vakant ola bilər. Vakant yerlərin az olması 2005-ci ildə təcili tibbi yardım stansiyası ilə mərkəz birləşdirilməsi ilə bağlıdır. Həmin vaxt çarpayı sayı azaldılsa da, işçi sayı olduğu kimi qalmışdı. Hazırda burada 760 çarpayı üçün 1919 işçi sayı var.
- Keçən il işdən çıxarılan işçi sayı nə qədər olub?
- Keçən il üçün 4 həkim, 10-a yaxın tibb bacısı və xadimə işdən çıxıb. Onlardan çoxu öz istəyi ilə gedib. Bəziləri qalmaq istəsə də, biz razılaşmamışıq. Çünki onların bu və ya digər səbəbdən işlərinin öhdəsindən gələ bilmədiyini müşahidə etmişik.
- Xəstə çox olanda xidmət hansı formada balanslaşdırılır?
- Mərkəzə daha çox Səbail və Nəsimi rayonlardan xəstə gətirilir. Ehtiyac olanda da digər rayonlardan da xəstə götürülür. Çünki yalnız burada fəaliyyət göstərən mütəxəssislər var. Belə olan halda hətta ərazi prinsipi də işləmir. Ən pis halda onları növbəyə yazırıq və yer olan kimi dəvət edirik.
- Regionlardan gələn xəstələrin sayında azalma müşahidə olunurmu?
- Bu məsələdə heç bir irəliləyiş yoxdur. İnsanlar yenə də bura üz tutur. "Semaşko" tibbi yardımın göstərilməsində brenddir.
- Bu "brend"ə rəhbərlik etmək çətin deyil?
- Bir az çətin olur. Bunu doğrultmaq üçün kifayət qədər yüksək tibbi yardım göstərməlisən. Bu da özünü göstərir. Xəstə müalicənin effektini görür və görməlidir.
- Mərkəzinizə kimsəsizlər də gətirilir. Onların sonrakı aqibəti necə olur? Müalicələri davam edirmi?
- Xəstə göstəriş olanda xəstəxanaya qəbul olunur. Sonradan müalicə proseduru icra olunur. Ardınca həmin xəstə evə buraxılır. Əgər hansısa xəstənin, kimsəsizin evi yoxdursa, onu pansionata, reabilitasiya mərkəzlərinə, yaxud qocalar evinə göndəririk. Adətən, kimsəsizləri xəstəxanaya gətirəndə onlarda xroniki xəstəliklər müşahidə olunur. Küçədə qaldıqlarına görə onlarda soyuqdəymələr, ağciyər xəstəlikləri, bronxitlər, oynaq xəstəlikləri, şəkərli diabet, qan təzyiqinin yüksək olması, hipertoniya xəstəliyi qeydə alınır. Bura əsasən 40-60 yaş arası kimsəsizlər gətirilir. Çünki 60-dan çox yaşı olanlar çox yaşamır.
- Ötən il ərzində Mərkəzə müraciət edənlərin sayı nə qədər olub?
- Ötən il Mərkəzə müraciət edənlərin ümumi sayı 24 509 nəfər olub. Onlardan 12 949-u terapevtik yönümlü, 7 373-ü cərrahi xəstələr olub. Toksikologiya şöbəsində 2 220, hemodializ şöbəsində 271, yoluxucu xəstəliklər şöbəsində isə 4 582 nəfər müalicə olunub. Bu da 2015-ci ilə nisbətən təqribən 4 500 xəstə azdır. Ambulator xəstələrin sayı isə 2015-ci ilə nisbətən 2000-dən çox olub.
- Bəs bu müddət ərzində Məkəzin reanimasiya şöbəsində olan xəstələr arasında ölüm halı qeydə alınıbmı?
- Təbii ki, ölüm halları hər zaman olur. Keçən il üçün terapiya üzrə ölən xəsətələrin sayı 447, cərrahi xəstələrin 195, ümumi xəstələrin isə 644 olub. Mərkəzə ən ağır xəstələrin gətirildiyini nəzərə almaq lazımdır. Çünki ən ağır travma alıb bizə gələnlərin böyük əksəriyyəti ilk 24 saat ərzində ölənlərdir. Bu da onların travmalarının ağır və həyatla uzlaşmayan olduğu deməkdir.
- Adətən xəstələr və yaxınları nədən şikayət edirlər. Sizin özünüzün narazılığınız nədir?
- Xəstə hər şeydən şikayət edir. Əvvəl istliklə bağlı problem var idisə, artıq bu məsələ öz həllini tapıb. Az hallarda isə həkimin xəstəyə olan kobud rəftarından şikayət edirlər. Bu da yerində araşdırılaraq müvafiq tədbirlər görülür.
Əslində, həkim xəstə və onun yaxınından şikayət etməli deyil. Adətən həkimlər xəstə yaxınları ilə çox ünsiyyətdə olur. Normadan çox olanda da bu müəyyən narazılığa gətirib çıxarır. Amma yenə də həkim öz əsəblərini cilovlamalıdır.
- Həkimlər hippokrat andına sadiq qalırmı?
- Əksər vaxt.
- Bəs rəhbərlik etdiyiniz müddət ərzində nə kimi dəyişiklik etmisiniz və bundan sonrası üçün nələr nəzərdə tutulur?
- Səhiyyə sistemi ənənəvi olaraq konservativ sistemdir. Tibbin ən böyük yeniliklərindən istifadə etsə də, struktur dəyişikliklərinə o qədər də həvəslə yanaşılmır. Lakin bizim böyük planlarımız var. Kliniki Tibbi Mərkəzdə idarəetməni asanlaşdırmaq, ştat şişirtmələrinin qarşısını almaq, dövlət büdcəsindən ayrılan vəsaitə qənaət etmək, göstərilən xidmətin effektliyini artırmaq və optimallaşdırmaq üçün struktur dəyişiklikləri nəzərdə tutulub. İlk olaraq xırda, yəni çarpayı sayı az olan şöbələrin birləşdirilməsi planlaşdırılır. Bu da idarəetməni olduqca asanlaşdırır. Mərkəzdə cərrahi, terapevtik, infeksion və müayinə bölümünün yaradılmasını istəyirik. Bununla da cavabdeh şəxslərin sayı azalacaq. Çünki bəzən bir funksiyanı lazımsız olaraq iki şöbə yerinə yetirir. Hazırda Səhiyyə Nazirliyində bu məsələ müzakirə olunur. Səhiyyə nazirinin təşəbbüsü ilə artıq infeksion şöbəni formalaşdırdıq.
- Ümumiyyətlə, Mərkəzdə çalışan həkim və tibb bacılarının maaşı nə qədərdir?
- Həkimlər təxminən 220-250, tibb işçisi 150-160, xadimə 110-120 manat əmək haqqı alır.
- Sirr deyilsə, siz özünüz nə qədər maaş alırsınız və bu, sizi qane edirmi?
- Hazırda 590 manat məvacib alıram. Əgər maaş insanı qane edirsə, deməli, onda qüsur var. Çünki insan hər zaman artıq pul qazanmaq istəyir. Bu, o demək deyil ki, siz pis adamsınız, sadəcə, insanın fantaziyası çox böyük olur.
- İşdəki yorğunluğunuzu evə gedəndən sonra necə çıxarırsınız?
- Yorğunluğumu kitab oxumaqla çıxarıram. Dayanmadan kitab oxuyuram. Hazırda məşhur yazıçı Paulo Koelyonun əsərini oxuyuram. Hərdən oxuduqlarımı təkrar bir də oxuyuram.