“Kosobokov ilk olaraq Azərbaycan rəsmiləri ilə görüşməli idi” – Deputatdan etiraz

“Kosobokov ilk olaraq Azərbaycan rəsmiləri ilə görüşməli idi” – Deputatdan etiraz
"Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı ilk növbədə Azərbaycana səfər etməli idi, Azərbaycan rəsmiləri ona iradını bildirəcəklər".

Bunu Sfera.az-a açıqlamasında deputat Aqil Abbas deyib. Millət vəkili sülhməramlılara yeni komandanın təyin edilməsinin ciddi fərq yaratmayacağını vuğulayıb:

"Azərbaycan ərazisində sülhməramlı fəaliyyət göstərirsə, ilk növbədə onların komandanı Azərbaycan rəsmiləri ilə görüşməli idi. Mən dəfələrlə demişəm, onlar sülhməramlı deyil, erməniməramlılardır. Sülhməramlıların varlığına rəğmən, mən Ağdamdan Şuşaya, Kəlbəcərə gedə bilmirəm. Sülhməramlılar Laçın dəhlizində ermənilərin təhlükəsizliyini qoruyub, hərəkət etməsinə imkan verirsə, bizimlə bağlı da vəziyyət belə olmalıdır. Kommunikasiya xəttlərinin açılması ilə bağlı bəyannamədə də bu məsələ var. Yeni komandanın təyin edilməsi ilə nə isə dəyişməz".
 
Deputat Ağdamdan Şuşaya birbaşa rahat yolla hərəkət etməyin mümkün olacağını deyib: "Prezident İlham Əliyev konkret olaraq sülhməramlıların qarşısına missiya qoyub, onlar da bu missiyasını sözsüz ki, yerinə yetirəcəklər. Biz Ağdamda olanda prezident bildirdi ki, turistlər Ağdamdan Şuşaya gedə biləcəklər. Yəni, dövlət başçısı bunu çıxışında vurğulayıb”.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı general-mayor Mixail Kosobokov Ermənistana gedib. O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Görüşdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanı polkovnik Dmitri Ovçarov və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak ediblər.
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR