Karapetyan Kosobakov və Ovçarovla nədən danışıb? – “Belə bir görüşü təşkil etməklə…”

Karapetyan Kosobakov və Ovçarovla nədən danışıb? – “Belə bir görüşü təşkil etməklə…”
"Həm Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı general-mayor Mixail Kosobokov, həm də Gümrüdəki 102-ci hərbi bazasının komandiri polkovnik Dmitri Ovçarov Rusiya silahlı qüvvələrinin təmsilçiləridir. Bu mənada onların görüşünü normal saymaq olar”.
 
Bu sözləri Sfera.az -a açıqlamasında politoloq Tofiq Abbasov Ermənistan müdafiə naziri Arşak Karapetyanın Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının yeni komandanı general-mayor Mixail Kosobokov və Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının komandiri, polkovnik Dmitri Ovçarovla görüşməsini şərh edərkən deyib.

O bildirib ki, general-mayor Mixail Kosobokov yeni Rusiya sülhməramlılarının komandanı təyin edilib və çalışır ki, cari vəziyyətlə tanış olsun:

"Düşünürəm ki, görüşdə Rusiyanın İrəvandakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesi, polkovnik İqor Şerbakovun da iştirak etməsi rəsmi İrəvanın təşəbbüsü ilə reallaşıb. Ermənistan müdafiə naziri Arşak Karapetyan belə bir görüşü təşkil etməklə rəsmi Bakının gözünü qorxutmağa çalışır”.
 
Politoloq postmüharibə dövrününün reallıqlarının nəzərə alınmalı olduğunu deyib:
 
"Mixail Kosobokov yeni təyinat alıb və bu mənada regionda baş verən prosesləri yaxından görmək, analiz etmək istəyir. Digər tərəfdən, bu gün Ermənistanın özündə də vəziyyət gərgindir. 102-ci hərbi bazanın kifayət qədər problemləri var. Ermənistan daxilində Rusiya əleyhinə ovqat gün-gündən qüvvətlənir. Bu mənada Rusiyanın regiondakı qüvvələri həm də bu məsələ üçün koordinasiyalı hərəkət etməyə məcburdur”.

Politoloq general-mayor Mixail Kosobokovun separatçı Abxaziyada xidmət etməsi ilə Qarabağdakı xidməti arasında parallellər aparmağın tərəfdarı olmadığını söyləyib:
 
"Ümumiyyətlə, Abxaziya ilə Azərbaycanın müqayisə edilməsi doğru deyil. Abxaziya dünya tərəfindən tanınmayan qurumdur. Azərbaycan isə suverən, müstəqil dövlətdir. Rəsmi Bakı Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə nə baş verdiyini bilir. Bu mənada düşünmürəm ki, general-mayor Mixail Kosobokov Rusiya sülhməramlılarının yeni komandanı təyin edilməsi Qarabağda erməni separatizmini artıra bilər”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR