Fransa Azərbaycana 400 min avro vəd etdi - Paris peşman olub?

14:55 / 09.09.2021
1599
"Fransa həqiqətən ərazilərin minalardan təmizlənməsi
üçün Azərbaycana 400 min avro bağışlamaq niyyətindədirsə, rəsmi Bakının bunu
geri çevirməsi düzgün olmaz. Bununla belə rəsmi Parisin bu yardımın müqabilində
hansısa bir gözləntisi varsa, təklifi qəbul etmək doğru deyil”.
Bu sözləri Sfera.az-a politoloq Turab Rzayev Fransanın
Azərbaycandakı səfiri Zakari Qrossun ölkəsinin ərazilərin minalardan təmizlənməsi
üçün Azərbaycana 400 min avro bağışlamaq niyyətində olduğuna dair etdiyi
paylaşımı şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, Fransa bu və ya başqa
formada Cənubi Qafqaz regionuna qayıtmaq istəyir:
"Baxmayaraq ki, rəsmi Paris Avropa İttifaqına
üzvdür, eyni zamanda NATO ölkəsidir, bununla belə özünü böyük güc hesab edir.
Ümumiyyətlə, Fransa geopolitik olaraq, qlobal oynamağı sevən bir ölkədir.
Liviyada, Suriyada, Afrikanın qərbində, Aralıq dənizində olduğu kimi, Cənubi
Qafqazda da rəsmi Paris özünü lider ölkə kimi göstərməyə çalışır. Ancaq 44 günlük
müharibə zamanı Fransa sözün əsl mənasında siyasi səhvə yol verdi. Rəsmi
Parisin ATƏT-in Minsk Qrupunun həmsədri olaraq neytrallığını pozması, Ermənistana
açıq-aşkar dəstək verməsi, onun Cənubi Qafqazdakı mövqeyini də əsaslı surətdə
sarsıtdı".
Turab Rzayev hesab edir ki, 44 günlük müharibə zamanı Fransanın atdığı yanlış
addımlar bu gün onun regiondan kənarda qalmasına gətirib çıxarıb:
"Əvəzində
Rusiya və yeni oyunçu olan Türkiyə Cənubi Qafqazda nüfuzunu artıra bildi. Xüsusilə Türkiyənin regionda təsirini bu qədər hiss
etdirməsi Fransa üçün arzuolunan deyil. Ümumiyyətlə rəsmi Paris Ankaranın bir
regionda bu qədər güclənməsini qəbul edə bilmir. Məhz buna görədir ki, bu gün Fransa rəsmi Bakı ilə
münasibətləri normallaşdırmağa çalışır. Ancaq Fransanın ermənipərəst mövqeyini
israr etməsi iki ölkə arasında münasibətlərin yenidən əvvəlki halına
qayıtmasına ciddi maneədir”.
Turan Rzayev