“Qarabağ ermənilərini Bakının köməyilə saxlamağa çalışır” – Paşinyanın son açıqlaması buna hesablanıb?

13:12 / 09.09.2021
1025
"Rusiyadan
uzaqlaşmaq və Qərbə yaxınlaşmaq istəyən Paşinyan anlayır ki, Bakı və Ankara ilə
münasibətləri normallaşdırmadan bu istəyini reallaşdıra bilməyəcək. Odur ki,
münasibətləri yaxşılaşdırmaq niyyətini ortaya qoymağa məcbur olub. Bilir ki, hazırda
Ermənistan üçün bunun alternativi yoxdur”.
Bu sözləri
Sfera.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin
iclasında Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyi barədə səsləndirdiyi
fikirlərə münasibət bildirərkən, politoloq Əlimusa İbrahimov deyib:
"Paşinyanın
bu bəyanatı onun bu vaxta qədər dediklərinin pik nöqtəsi idi. O, bundan öncə
bir neçə dəfə sözügedən mövzularla bağlı açıqlamalar vermişdi. Zamanında
kommunikasiyaların açılmasından, delimitasia və demarkasiya məsələlərindən
danışıb. Bütün bunlar onun dünən səsləndirdiyi həmin fikirlərə hazırlıq məqsədi
daşıyırdı. Belə açıqlamaları ilə ölkə vətəndaşlarını sanki sözügedən gedişaata
hazırlayırdı.
Bununla
Paşinyan dünyaya, Türkiyə və Azərbaycana mesaj verir ki, artıq Bakı ilə münasibətləri
yaxşılaşdırmaq kursu götürüb. Ermənistan Türkiyə və Azərbaycanla münasibət
qurmağa məcburdur. Çünki başqa çıxış yolları yoxdur. Əks təqdirdə, daha çox dərəcədə
Rusiyanın təsir və təzyiqi altında qalmaqda davam edəcək”.
Ekspert
qeyd etdi ki, Paşinyan gec-tez onsuz da belə bir bəyanatla çıxış etməli idi:"Bundan sonra bəyan etdiyi istiqamətdə real addımlar atmalıdır. Hazırda Qarabağda 20-25 min erməni qalıb. Amma onların vəziyyəti elədir
ki, yerdə qalanlar da çıxıb getməyə hazırdır. Düşünürəm ki, qışa doğru Qarabağdakı
ermənilərin sayında azalma olacaq. Görünür, Paşinyan məhz Bakının köməyilə
Qarabağdakı erməni əhalisini saxlamağa cəhd edir. Belə ki, Azərbaycanla münasibətlərin
yaxşı olması, təbii ki, Qarabağda yaşayan ermənilər üçün də yaxşıdır”.