Ermənistan mina xəritələrinin verilməsini niyə dayandırdı? – “Dəqiqliyi 100-də 25 faiz olan bu xəritələr…”

14:11 / 08.09.2021
1627
Bir müddət öncə
üç rayonumuzun – Ağdam, Füzuli və Zəngilanın minalanmış xəritələri Azərbaycana
təqdim olundu. Bunun davam edəcəyi güman
edilsə də, qarşı tərəf növbəti xəritələrin verilmə prosesini ləngidir.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq
Əlimusa İbrahimov qeyd edib ki, ermənilər tərəfindən minalanmış sahələrin xəritələri
həmişə Azərbaycan rəhbərliyinin diqqət mərkəzindədir:
"Bu xəritələrin əldə olunması işğaldan azad olunmuş ərazilərin
daha sürətlə yenidən qurulmasında mühüm rol oynaya bilər. Amma erməni tərəfi bu
xəritələrin verilməsini gecikdirir və məqsədləri minalanmış ərazilərin xəritələrini
iki dövlət arasında mübadilə obyektinə çevirməkdir. Təbii ki, Azərbaycan tərəfi
haqlı olaraq bu xəritələrin beynəlxalq hüquqda göstərildiyi kimi qeyd-şərtsiz təqdim
edilməsi tələbilə çıxış edir. Ermənilərin digər rayonların minalanmış ərazilərinin xəritələrini verməməkdə məqsədi
aydındır. Onlar minaların partlaması nəticəsində daha çox Azərbaycan vətəndaşının
şikəst olmasını arzulayırlar”.
Müsahibimizin sözlərinə görə, digər tərəfdən erməni tərəfində
belə bir fikir formalaşıb ki, xəritələrin təhvil verilməsi ilə onlar Azərbaycanın
işğaldan azad olunmuş ərazilərdə süveren hüququnu təsdiq etmiş olurlar:
"Azərbaycan minalı ərazilərin xəritələrini əldə etmək
marağındadır və bu istiqamətdə dövlət səviyyəsində danışıqlar aparılır. Amma
prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dəqiqliyi cəmi yüzdə 25 faiz olan
xəritələrin verilməsi məsələnin tam həlli deyil. Məhz bu xəritələrin dəqiqlik səviyyəsinin
aşağı olması səbəbindən Azərbaycan bu məsələni öz imkanları hesabına həll etməyə
çalışır.
Günay Rəsulqızı