“Dünya 5-dən, Minsk Qrupu isə 3-dən böyükdür!” – Ərdoğan kitabında nələrdən yazıb?

13:08 / 08.09.2021
1081
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünlərdə
"Daha ədalətli bir dünya mümkündür" kitabının təqdimatı keçirilib. Kitabın
əsas qayəsini Rəcəb Tayyib Ərdoğanın illərdir, səsləndirdiyi "Dünya 5-dən
böyükdür” tezisi təşkil edir.
Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin
rəhbəri Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni çapdan
çıxan "Daha ədalətli bir dünya mümkündür" kitabı haqda danışarkən deyib.
Ekspertin sözlərinə görə, Ərdoğan dünya məsələlərinin
yalnız BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü tərəfindən müzakirəsinin və qərarların
bu əsasda qəbul edilməsinin əleyhinədir:
"Ərdoğan kitabında ədalətsizlik, qaçqın böhranı, beynəlxalq
terrorizm və islam əleyhdarlığına toxunaraq BMT-nin hökumət, funksionallıq, fəaliyyət,
əhatəedicilik, təmsil və idarə problemlərinə diqqət çəkib, bu qurumda geniş
islahata ehtiyac duyulduğunu bildirib.
Ərdoğanın kitabda xatırlatdığı əsas tezislər bunlardır:
- "Uşaqların
öldüyü və öldürüldüyü bir dünyada heç kim günahsız deyil”.
- "Bu gün
dünya üzrə ən çox ehtiyac duyulan mövzuların başında ədalət gəlir. Qlobal ədaləti
təsis etmək öhdəliyini götürən təşkilatlar çox təəssüf ki, böyük bir ətalət içindədir”.
- "Mərhəmətini
itirmiş bir zəmanədə bizə ədalətin nümayəndəsi, vicdanların səsi olma məsuliyyəti
düşür”.
- "Güclünün
haqlı olduğu deyil, haqlının güclü olduğu bir sistem yaradana qədər "Dünya beşdən
böyükdür” deməyə davam edəcəyik”.
- "Keçmişin ehtiyaclarına görə qurulmuş təşkilatlarla
bu günün məsələləri həll edilmir, əksinə onlar daha da yeni problemlər
çıxarır”.
Ərdoğanın "Dünya 5-dən böyükdür” cümləsi əsasında
Türkiyədə eyniadlı dərnək də fəaliyyət göstərir. Dərnək Ərdoğanın tezislərini
yerli və xarici auditoriyalara çatdırır. Dərnəyin əlavə tezisi budur: "Biz 1,7
milyard müsəlmanın təmsil edilmədiyi ədalətsizlik rejimə qarşı çıxırıq”.
Politoloq qeyd edib ki, həqiqətən BMT-nin 5 daimi üzvü
– ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransa bir çox hallarda problemlərin həllini
sürətləndirməkdə acizdirlər, bir sıra hallarda isə bir-birlərinə mane olurlar:
"Misal üçün Təhlükəsizlik Şurasında bugünə qədər irəli sürülən 2446 qətnamə layihəsinə 249 dəfə
veto qoyulub. Rusiya 112 veto ilə liderdir, daha sonra bu ölkələr gəlir: ABŞ –
81 veto, Böyük Britaniya – 29 veto, Fransa – 16 veto, Çin – 11 veto. Bəzi məsələlər
isə birinin veto hüququndan istifadə ediləcəyi proqnozlaşdırıldığına görə
ümumiyyətlə müzakirəyə çıxarılmır.
Rəcəb Tayyib Ərdoğan veto sisteminin ortadan
qaldırılmasını, o cümlədən BMT Baş Assambleyasının 130 üzvünün səsverməsinin həlledici
olmasını zəruri sayır. Ərdoğan hesab edir ki, BMT Təhlükəsizlik Şurasının sayı
5-dən 20-yə qədər artırılmalı və Təhlükəsizlik Şurasının Baş Assambleya
qarşısında hesabatlılığı olmalıdır.
E.Şahinoğlu qeyd edib ki, Türkiyənin strateji müttəfiqi Azərbaycan Qoşulmayanlar Hərəkatının (BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisatdır) sədri kimi "Dünya 5-dən böyükdür” tezisini irəli sürən Ankaraya dəstəyini artıra bilər:
"Bu Azərbaycanın təhlükəsizlik maraqlarına da cavab verir. Məsələ burasındadır ki, BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü – ABŞ, Rusiya və Fransa həm də ATƏT-in Minsk Qrupunun həmsədridir və onlar Qarabağla bağlı "status” mövzusunu dirçəltməyə çalışırlar. Bu isə Azərbaycanın maraqlarına ziddir. Ona görə də Azərbaycan Qoşulmayanlar Hərəkatının sədri və Türkiyənin müttəfiqi kimi Ankaranın "Dünya 5-dən böyükdür” siyasətinə dəstək verməklə həmsədrlərin Minsk Qrupunu inhisara almaq siyasətinə etiraz etmiş olacaq. Dünya 5-dən böyükdürsə, Minsk Qrupu da 3-dən böyükdür”.
Turan Rzayev